Rəsmi XƏBƏRDARLIQ! – Payızda bu xəstəlik TÜĞYAN EDƏCƏK 

0

Ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir”. Qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir. Səhiyyə Nazirliyinin əhaliyə çağırışında belə deyilir. 

Bildirilib ki, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksəkkeyfiyyətli vaksin preparatları gətirilib. Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılır.

Sərin payız…

“Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir. Həmçinin cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxsaylı qonaqların səfəri gözlənilir. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi sözügedən əhali qrupları ilə yanaşı COP29-la bağlı tədbirlərə cəlb olunan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”, – müraciətdə vurğulanıb. 

Azərbaycanda vaksinə qarşı münasibəti hələ də birmənalı deyil. Təsadüfi deyil ki, koronavirus qədər təhlükəli infeksiya zamanı da bəziləri vaksin vurdurmaqdan imtina etdilər. İndi isə qriplə bağlı çağırış və xəbərdarlıq edilib. 

Vaksin vurdurmaq niyə vacibdir? Bu stereotipləri dəyişmək üçün nələr etmək lazımdır? 

Pediatır-immunoloq Gülşən Əliyeva deyir ki, hər şey mutasiyaya uğradığı kimi viruslar da dəyişilir. Getdikcə daha da güclü olur və yeni mutasiyalar yaranır. Bu da insanların əvvəlkinə nisbətən daha kəskin formada qrip keçirməsinə səbəb olur: “Bu, ən çox uşaqlar üçün təhlükəlidir. Çünki onlar xəstəliyi daha ağır keçirir.  İmmuniteti zəif və hər hansısa xəstəliyi olan, xərçəngdən əziyyət çəkən azyaşlılar kəskin respirator virus infeksiyalarına qarşı daha həssasdır. Hər şey təkmilləşdiyi kimi infeksiyalara münasibət də dəyişib. Müalicə taktikaları da artıq başqa üsulla aparılır. Təcrübələr göstərir ki, virus infeksiyalarına, qripə qarşı elan edilən bu peyvənd xəstəliyin daha yüngül keçməsinə səbəb olub. Qızılca xəstəliyi bir ara Azərbaycanda geniş yayıldı. Çünki COVİD-19 pandemiyası zamanı qızılca əleyhinə peyvənd dayandırılmışdı. Nəticədə uşaqlar qızılcanı çox ağır keçirdilər. Hətta ölüm halları oldu. Qrip virusuna qarşı peyvənd olunanda xəstəliyi uşaqlar nisbətən yüngül keçirirlər. Sağlam uşağa qripə qarşı peyvənd vurdurmaq məsləhət deyil. Həmin uşaq qripi normal keçirəcək.  Amma problemli uşaqların, hamilə qadınların peyvənd olunması məsləhətdir”. 

Həkim infeksionist Vüqar Cavadzadə də deyir ki, kəskin respirator virus infeksiyaları fərqli xarakter daşıyır. Yəni ilin soyuq aylarında artma hiss edilir: “Bu xəstəliklərin qarşısını almaq üçün yeganə üsul vaksinasiyadır. Ümumiyyətlə, dünyada bir çox infeksiyaların kökü peyvəndlə kəsilib. Nəzərə alaq ki, havaların soyuması ilə kəskin respirator virus infeksiyalarında artım gözlənilir. Buna görə də peyvənddən istifadə məsləhət görülür. 

Doğrudur, bizim ölkəmizdə qripin epidemik alovlanması müşahidə edilmir. Buna əsasən soyuq ölkələrdə rast gəlinir. Ona görə də həmin ölkələrdə dövrü olaraq peyvəndləmə aparılıb.  Bizim ölkəmizdə isə bu hal çox az müşahidə olunub.  Ona görə də vaksinasiyaya bir o qədər də üstünlük verilməyib. Amma istənilən halda vaksinasiyanın aparılması təqdirəlayiqdir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir