İranın Zəngəzurla bağlı “qırmızı xətt” mesajına Azərbaycandan CAVAB – “O xətti…”
Zəngəzur dəhlizi mövzusu Azərbaycanla Ermənistanın daxili işidir, bunun İrana dəxli yoxdur.
“turaninsesi.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert İranın Zəngəzur dəhlizi ilə bağlı hədələrinə diqqət çəkib:
“Qırmız xətt” söhbəti lətifəyə çevrilib, müxtəlif liderlər bu barədə kimlərisə xəbərdar etsələr də, “qırmızı xətlər” aşılır da, yanından keçilir də. ABŞ-nin keçmiş prezidenti Barak Obama Suriya lideri Bəşər Əsədi xəbərdar edirdi ki, kimyəvi silahdan istifadə etsə, bu, Vaşinqton üçün “qırmızı xətt”in keçilməsi olacaq. Əsəd kimyəvi silahdan rəqiblərinə qarşı istifadə etdi, Suriyanın bəzi məntəqələrdə zəhərlənmədən ölənlər oldu, Obama “qırmızı xətt”i aşan Əsəd cəzalandırmadı.
Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl söyləyib ki, ABŞ Rusiyanın “qırmızı xətlər”ini aşmamalıdır. ABŞ Ukraynaya hərbi texnika və raketlər göndərib və Kiyev bu silahlarla Rusiyaya qarşı döyüşür, Kremlin “xətlər”i aylardır aşılıb. Moskvanın Vaşinqtonu cəzalandıracaq yeganə aləti nüvə silahıdır ki, Kreml bu haqda çox danışsa da, düyməyə basmayacaq.
Növbəti “qırmızı xətt” söhbətini Tehran atıb ortaya. İranın mühafizəkar dairələri hər dəfə Zəngəzur dəhlizi üçün “qırmızı xətt” ifadəsini işlədirlər. Yəni demək istəyirlər ki, Azərbaycan, Ermənistan, Türkiyə, hətta Rusiya İranın “qırmızı xətt”ini nəzərə alaraq Zəngəzur dəhlizini açmamalıdır. Zəngəzur dəhlizi mövzusu Azərbaycanla Ermənistanın daxili işidir, Bakı İrəvanla razılaşdıqdan sonra Tehranın məntiqsiz “qırmızı xətt”i asanlıqla aşılacaq”.