26 avqust Laçın şəhəri günü – Dayanıqlı şəhərsalma prosesi uğurlarımızın təcəssümüdür
Zəngin, füsünkar təbiətə, müxtəlif coğrafi, iqlim xüsusiyyətlərinə malik Vətənimizin hər bir quşəsi, o cümlədən şəhər, rayon və kəndlərimiz bizim üçün, bütün Azərbaycan xalqı üçün canından belə əzizdir.
Məhz qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin birlik çağırışı ilə ölkəmizin ikinci dəfə müstəqilliyini əldə etməsinə şərait yaratdı, ziyalılarımız, vətənsevər, fədakar övladlarımız isə xalq hərəkatının geniş vüsət almasına təkan verdilər.
1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv olan Azərbaycan Respublikası artıq 35 ilə yaxın müddətdə davamlı olaraq inkişaf etməkdədir. Bu müddət ərzində ölkəmiz iqtisadi, sosial sahələr və beynəlxalq əlaqələrdə mühüm nailiyyətlərə imza atdı, hərtərəfli inkişafını təmin etdi.
Lakin, müstəqilliyimizin ilk illərində torpaqlarımıza göz dikmiş qəsbkar Ermənistan dövləti Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa hərbi təcavüz etdi. Təcavüz nəticəsində mədəniyyət incimiz Şuşa, Laçın, Kəlbəcər və digər şəhərlərimiz işğal altına düşdü, o dövrdə hakimiyyətə can atmış və hakimiyyəti zəbt etmiş qüvvələrin əli ilə torpaqlarımızın bir hissəsi düşmənin nəzarətinə keçdi. Bu işğal 30 il müddətində Azərbaycan xalqının dinməz ağrısına çevrildi.
2020-ci ildə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini rəhbər tutan Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin Azərbaycanın müzəffər Ordusuna etdiyi əmr qəhərman xalqımızın igid övladları tərəfindən 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində ilk dəfə olaraq torpaqlarımızın işğaldan azad edilməsi, eyni zamanda regionlarımızın idarə olunmasının keyfiyyətcə yeni mərhələsi ilə nəticələndi.
Bu günlərdə xalqımız Laçın şəhərinin işğaldan azad olunmasının ikinci ildönümünü qeyd edir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 18 may 1992-ci il tarixində işğal olunub.
2020-ci ildə əldə etdiyimiz Zəfər nəticəsində imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən həmin ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü, beləliklə qan tökülmədən suverenliyimizin bərpası sürətləndi.
Artıq Azərbaycan xalqı böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Böyük Qayıdış çərçivəsində 2023-cü ildə 31 illik fasilədən sonra Laçın sakinlərinin öz doğma şəhərinə ilk qayıdışı baş tutdu. Azərbaycan Prezidentinin həmin sakinlərlə görüşü, onlara evlərinin açarlarını şəxsən təhvil verməsi, ümumiyyətlə ölkə başçısının son üç il ərzində Laçına 7 səfəri, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirak etməsi işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma və tikinti işləri nəinki diqqət mərkəzində olduğunu, eyni zamanda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda sülhün, əmin-amanlığın təmin olunmasında qətiyyətini nümayiş etdirdiyini göstərir.
Bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Burada məskunlaşma siyasəti uğurla icra olunur, həm böyük nəqliyyat, sənaye, turizm infrastrukturu, həm də dədə-baba yurdlarına qayıdan soydaşlarımız üçün lazımi bütün şərait yaradılır. Prezident İlham Əliyevin “Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun” sözləri öz təsdiqini əməli işdə tapır.
Xüsusilə bu gün dünyada məskunlaşma siyasəti və “2030 Gündəliyi”ndə yer alan Dayanıqlı İnkişaf Məqsədlərinin çağırışlarına cavab verən, həmin məqsədlərin icrasına nəzarət edən Birləşmiş Millətlər Təşkilatı da bu işlərə yaxından cəlb olunmalı və əzm göstərməlidir. Bu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə beynəlxalq standartlara cavab verən fəaliyyətinin yeni müstəvidə davam etdirilməsinə öz töhfəsini verə bilər.
Təsadüfi deyil ki, dünyanın mötəbər tədbirlərinə ev sahibliyi edən Azərbaycan 2026-cı ildə sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platforma olan Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək.
Həmin tədbirdə ölkəmiz doğma Qarabağımızda həyata keçirilən müasir və yeni texnologiyalarla zəngin şəhərsalma qaydalarının, məskunlaşma siyasətinin vacib prosedurlarının, eyni zamanda tarixi irsin qorunması işininin milli konsepsiya olaraq tətbiq olunması üçün imkan əldə edəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı