Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır
Bu həftədən növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına başlanılacaq.
“turaninsesi.az ” xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.
Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.
Seçki Məcəlləsinə əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, və proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.