3 gün qaldı – Deputat olmaq istəyənlər, TƏLƏSİN
Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi bu həftə başa çatır.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
Proses iyulun 13-də başlayıb, avqustun 2-si saat 18:00-da başa çatacaq.
Seçki Məcəlləsinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:
1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;
2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;
3. Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;
4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;
5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;
6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).
Qeyd edək ki, seçkilər sentyabrın 1-də keçiriləcək. Ən son məlumata görə, 1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI