Yaponiya ABŞ ilə birgə çiplərin hazırlanması üzrə mərkəzi yaratmaq üçün 2,4 milyard dollar yatıracaq
Yaponiya hökuməti gələcək nəsil 2 nanometr yarımkeçiricilərin hazırlanması üçün ABŞ ilə birgə tədqiqat mərkəzinin yaradılmasına təxminən 350 milyard yen (təxminən 2,38 milyard dollar) ayırmağı planlaşdırır.
“Turanın səsi” “Nikkei” qəzetinə istinadən xəbər verir ki, birgə mərkəzin yaradılması barədə razılıq cari ilin iyul ayının sonunda əldə olunub.
Nəşr qeyd edib ki, tədqiqat mərkəzinin ilin sonunadək yaradılması planlaşdırılır. Layihədə Tokio Universiteti, Yaponiya Milli Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları İnstitutu, Riken Təbiət Elmləri İnstitutu, eləcə də siyahısı daha sonra açıqlanacaq bir sıra şirkətlər iştirak edəcək.
Məlumata görə, namizədlərdən biri Amerikanın IBM şirkəti ola bilər.