Bakı 18 ay sonra qərar verdi: Səfirimiz İrana qayıtdı – RƏSMİ

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb. 

Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib. 

Hal-hazırda, İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək. 

Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir. 

Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək. 

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum baş verib. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açıb. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərib. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanıb.

Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb olunub. Onun haqqında 5 fevral 2024-cü ildə ölüm hökmü çıxarılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir