İlham Əliyevə görə havaya qaldırılan qırıcılardan… – MARAQLI İDDİA
Pakistana səfəri zamanı Prezident İlham Əliyevi daşıyan təyyarəni müşayiət edən qırıcılardan Azərbaycana veriləcək..
“Turanın səsi ” xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert fikrincə, Azərbaycan liderinin Pakistana səfəri iki qardaş ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək:
“Pakistan-Azərbaycan münasibətləri dünyada formalaşan yeni düzənə uyğun inkişaf etdiriləcək. Azərbaycan Pakistanla hərbi-texniki müstəvidə əməkdaşlıqda maraqlıdır. Qardaş ölkə hərbi aviasiya və artilleriya sahələrində inkişaf etmiş sənayeyə malikdir. Pakistan hərbi aviasiyasına daxil olan yeni nəsil qırıcılar Çinlə birgə istehsal edilir. Bu qırıcı təyyarələr öz funksiyaları və manevr imkanlarına görə Azərbaycan Hərbi Hava Qüvvələri üçün əlverişlidir.
Azərbaycanın aviasiya parkındakı qırıcılar əsasən Rusiya istehsalıdır və İkinci Qarabağ Müharibəsində öz tarixi vəzifələrinin öhdəsindən uğurla gəliblər. Amma yeni nəsil qırıcıların alınması da pis olmazdı. Hesab edirəm ki, Azərbaycan Pakistandan yeni qırıcılar almağı planlaşdırır. Bu xüsusda ikitərəfli müqavilələrin imzalanması mümkündür. Qənaətimə görə, Prezident Əliyevin Pakistanda olarkən hərbi sərgidə nümayiş olunan “JF-17 Thunder”lərə baxış keçirməsi təsadüfi deyil. Gələcəkdə bu qırıcıları Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında görə bilərik.
Qərb ölkələri nə yaxın, nə də uzaq perspektivdə Azərbaycana döyüş təyyarələri satacaq. Amma bu, problem deyil, məsələni Çin və Pakistan kimi strateji tərəfdaşlarımızla da həll edə bilərik. Hərbi sənaye parkımızda Pakistan və Çin istehsalı yeni nəsil qırıcıları görəcəyimizi düşünürəm.
Zənn edirəm ki, Pakistanla qırıcı, artilleriya və raket sistemlərinin alınması ilə bağlı razılaşmalar əldə edilib. Azərbaycanın Pakistanla hərbi əməkdaşlığını Hindistanın Ermənistanla hərbi əməkdaşlığına cavab kimi də qiymətləndirmək olar”.