Milli Məclisin iclasında Zəfər Günü münasibətilə bəyanat qəbul olunub
Noyabrın 5-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri bildirib ki, gündəliyin birinci məsələsi 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı ilə bağlıdır. 8 noyabr Zəfəri Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Silahlı Qüvvələrimizin döyüş əzminin və peşəkarlığının, “dəmir yumruğa” çevrilmiş milli birliyimizin nəticəsi olub. Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin edərək, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişib.
Spiker diqqətə çatdırıb ki, möhtərəm cənab Prezidentin dediyi bu sözlər, hesab edirəm ki, bütün xalqımızın ürəyindən xəbər verir: “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər”.
Milli Məclisin sədri qeyd edib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur öz həyatının yeni dövrünü – bərpa və quruculuq dövrünü yaşayır. Vandalların viran qoyduğu yaşayış məntəqələri bərpa olunur, infrastruktur yenidən yaradılır, hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, məcburi köçkünlər ata-baba yurdlarına qaytarılır.
Spiker xüsusi vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vaxtaşırı bölgəyə səfərlər edir, aparılan işlərə gündəlik diqqət göstərir və nəzarət edirlər.
Parlamentin sədri deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün sülh danışıqlarına başlamağa şərait yaradıb. Biz Ermənistan Respublikasını danışıqlar prosesində sülh prosesini poza bilən hərəkətlərdən çəkinməyə çağırırıq. Biz əminik ki, Ermənistan tərəfindən məsuliyyətli münasibət nümayiş etdirilərsə, iki dövlət arasında sülh müqaviləsi qısa müddətdə imzalana bilər.
Sahibə Qafarova xalqımıza Zəfər sevincini yaşadan, onun ədalətə və özünə inamını qaytaran möhtərəm Prezidentimizə, qəhrəman əsgər və zabitlərimizə Milli Məclis adından və öz adından minnətdarlığını bildirib, onları ürəkdən təbrik edib.
Spiker təklif edib ki, Zəfər Günü münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın, Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq.
Parlament spikerinin bu təklifi alqışlarla qarşılanıb.
Milli Məclisin sədri bildirib ki, təəssüf ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə şəhidlər vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə möhkəm can sağlığı, yaralı hərbçilərimizə isə şəfa diləyirik.
Sonra parlamentin sədri bir məlumatı da deputatların nəzərinə çatdıraraq bildirib ki, dünən Milli Məclisdə Vətən müharibəsində qələbəmizə həsr edilən “Zəfər Guşəsi”nin açılışı olub. Tədbirdə Milli Məclisin rəhbərliyi və Milli Məclisdə dövlət qulluğuna qəbul edilmiş 4 qazimiz və şəhid anası iştirak edib.
Sonra deputat Ramil Həsən 8 Noyabr − Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının mətnini oxuyub.
Bəyanat deputatlar tərəfindən alqışlarla qarşılanıb.
İclasda Zəfər Gününə həsr olunmuş və Milli Məclis Aparatı tərəfindən hazırlanmış video-çarx nümayiş etdirilib. Deputatlar video-çarxı da alqışlarla qarşılayıblar.
Zəfər Günü ilə əlaqədar Milli Məclisin Bəyanatı ilə bağlı müzakirələrdə çıxış edən komitə sədri Qənirə Paşayeva, deputatlar Musa Qasımlı, Azay Quliyev, Elşən Musayev, Elman Nəsirov Vətən müharibəsində Qələbəmizin ikinci ildönümü ilə bağlı təbriklərini çatdırıblar. Millət vəkilləri Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu və xalqı ilə birlikdə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası sahəsində tarixi bir missiyanı yerinə yetirdiyini vurğulayıblar. Bu əlamətdar günün ölkə tarixinin ən şərəfli və parlaq səhifələrindən biri olduğunu qeyd ediblər. Deputatlar hazırda Qarabağda uğurla həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini təqdir ediblər.
Çıxışlarda Milli Məclisin Zəfər Günü ilə bağlı Bəyanatında hər bir deputatın arzu və istəklərinin əks olunduğu bildirilib və Bəyanat səsə qoyularaq qəbul edilib.
(Bəyanatın mətni mətbuatda dərc ediləcək).
Sonra Milli Məclisin sədri bildirib ki, növbəti iki məsələ birinci oxunuşda olan qanun layihələridir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Qeyd edilib ki, dövlət-özəl tərəfdaşlığı dövlətin özəl sektor resurslarından və təcrübəsindən istifadə edərək, dövlət infrastrukturunun və ya xidmətlərinin satınalmasını həyata keçirmək mexanizmidir. Bu mexanizm dövlətin özəl sektorla tərəfdaşlıq edərək yeni həllərin təşviqinə və maliyyə vəsaitlərinin cəlb olunmasına köməklik edir. Bu qanun ölkə ərazisində dövlət xidmətlərinin göstərilməsi, həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir. Qanun layihəsinin hazırlanması ölkə Prezidenti tərəfindən 2022-ci ilin iyul ayında təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da hədəf olaraq öz əksini tapıb.
Qeyd edilib ki, qanun 8 fəsil, 40 maddədən ibarətdir. Onun hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub. Qanunun hazırlanmasında məqsəd dövlət vəsaitlərinin istifadəsində səmərəliliyin artırılması, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, onlara əlçatanlığın artırılması, iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılması, iqtisadiyyata cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılması, sosial-iqtisadi və biznes yönümlü infrastrukturun qurulması və idarə edilməsi, yeni iş yerlərinin yaradılması və rəqabət qabiliyyətli məhsul ixracının artırılmasıdır.
Bildirilib ki, qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsində dövlətin iştirak forması səlahiyyətli orqan tərəfindən dövlət-özəl tərəfdaşlığı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına əsasən müəyyən ediləcək. Dövlət-özəl tərəfdaşlığı ilə bağlı dövlətin öhdəliyinin yuxarı həddi hər layihə üzrə səlahiyyətli orqan tərəfindən müəyyən olunacaq. Dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı qüvvədə olan strateji sənədlər əsasında hazırlanacaq və təsdiq edildikdən sonra hər il internet səhifəsində yerləşdiriləcək və mediada dərc ediləcək. Layihələr əhəmiyyətlilik, səmərəlilik və maliyyə riskləri kimi meyarlar nəzərə alınmaqla seçiləcək. Layihələrin maksimum müddəti 49 il olacaq. Səlahiyyətli orqan layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslərin niyyətləri əsasında və ya öz təşəbbüsü ilə layihəni müsabiqəyə hazırlayacaq, onu qiymətləndirəcək, dövlət tərəfdaş və özəl tərəfdaş arasında müqavilə bağlanmasını təşkil edəcək.
Qeyd edilib ki, sənəddə bu proseslərin icra müddəti, layihələrin monitorinqi və hesabatlılığının təmin olunması məsələləri də öz əksini tapıb. Habelə, dövlət-özəl tərəfdaşlığı layihələrinin uğurla icra edilməsində mühüm məsələlərdən biri olan dövlət dəstəyinin formaları və icrası mexanizmi ilə bağlı müddəalar da təsbit olunub.
Layihə ilə bağlı müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Ziyafət Əsgərov, deputatlardan Sabir Rüstəmxanlı, Əli Məsimli, Azay Quliyev, Vüqar Bayramov, Etibar Əliyev, Aydın Mirzəzadə, Vahid Əhmədov fikirlərini, qeyd də təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, adı çəkilən qanunun təhsil sahəsində dövlətin vəzifələrinə həsr olunmuş 29-cu maddəsinə əlavələr təklif olunur. Əlavələrə əsasən, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, habelə orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarının müəyyən edilməsi təhsil sahəsində dövlətin vəzifələri kimi təsbit edilir.
Digər düzəlişlərə əsasən, təhsilalanların hüquqları ilə bağlı 32.3.7.-ci maddədə “və ixtisasını dəyişmək” sözləri “ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq” sözləri ilə əvəz edilir. 32.3.12.-ci maddədə isə “dayandırmaq” sözündən sonra “(akademik məzuniyyət götürmək)” sözləri əlavə edilir.
Komitə sədri Siyavuş Novruzov, deputatlardan Etibar Əliyev və Ceyhun Məmmədov sənədlə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin spikeri Sahibə Qafarova bildirib ki, növbəti 4 məsələ ikinci oxunuşda olan qanun layihələridir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən (ikinci oxunuş) bəhs edib. Layihəyə əsasən, Məcəlləyə inzibati məsuliyyətə cəlb etmə və inzibati cərimələrin ödənilməsi ilə bağlı məsələlərin təkmilləşdirilməsi məqsədilə bir sıra yeni müddəaların əlavə olunması və mövcud müddəalarda dəyişiklik edilməsi təklif olunur.
Deputat Tahir Kərimli fikirlərini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra deputat Nizami Səfərov “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən danışıb. Bildirib ki, layihə tələbkar və borclu fiziki və hüquqi şəxsləri dəqiq müəyyənləşdirmək məqsədilə hazırlanıb. Habelə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qəbul etdiyi qərarların icra olunmamasına görə icra məmuru tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsi təklif olunur.
Sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Layihədə təklif olunan dəyişikliklərdə ölümün qeydə alınması, uşağın övladlığa götürülməsi ilə bağlı dövlət qeydiyyatının aparılması, “Elektron məhkəmə” informasiya sistemindən ötürülən məlumatlar əsasında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı zamanı şəhadətnamələrin verilməsi qaydası təkmilləşdirilir.
Hicran Hüseynova Ailə, qadın və uşaq məsələləri komitəsinin, Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Tahir Mirkişili İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu sənəd barədə müsbət rəy verdiklərini bildiriblər.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra deputat Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə danışıb. Sənədə əsasən, Məcəlləyə ölümün qeydə alınması qaydalarının pozulmasına görə inzibati məsuliyyətin müəyyən edilməsi və həmin inzibati xətaya görə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı yeni maddənin daxil edilməsi nəzərdə tutulub.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin növbəti 15 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edərək, məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun yanında işçi qrupunun yaradılması ilə bağlı olduğunu bildirib.
Zahid Oruc İnsan hüquqları komitəsinin sənəd barədə rəyini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra birinci vitse-spiker, komitə sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. Bildirib ki, dəyişiklik Məcəllənin 279-cu maddəsinin dispozisiyasına təklif edilir. Bu dəyişiklik “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun enerji auditi və enerji idarəçisi haqqında müddəalarının tələblərindən, habelə enerji effektivliyi potensialının qiymətləndirilməsi və enerji effektivliyi üzrə öhdəliklərdən irəli gəlir.
Sənədlə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanun layihəsi cəzaçəkmə müəssisələrində, intizam xarakterli hərbi hissədə saxlanılan və ya müvəqqəti olaraq istintaq təcridxanalarına keçirilmiş məhkumlara videogörüşlər keçirmək hüququnun verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda, qısa müddətli görüşlərin telefon danışıqları və ya videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 11-ci və 12-ci məsələləri ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.
Birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, hər iki Məcəllədə Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulub.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qeyd olunub ki, sənəd “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanıb.
Tahir Rzayev Aqrar siyasət komitəsində məsələyə dair müsbət rəy verildiyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. Adı çəkilən qanunda tütün məmulatlarını istehsal və idxal edənlərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sisteminə qoşulması barədə həmin Xidmətin göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə dövlət rüsumundan azad olunması təklif olunur. Həmçinin, Dövlət Vergi Xidməti tərəfindən yuxarıda qeyd olunan müddətin hər dəfə bir aydan çox olmamaq şərti ilə 5 dəfə uzadılması nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Sənədə əsasən, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə prokurorluq işçiləri prokurorluq orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə, xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə görə, prokurorluq orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə təltif edilirlər.
“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı ilə isə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə, prokurorluq sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə təltif edilirlər.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin 16-cı və 17-ci məsələləri – “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxındırlar.
İclasda hər iki qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə diqqətə çatdırıb.
O, bildirib ki, təqdim olunan layihələrə əsasən, hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularının daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatları barədə müddəa “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda nəzərdə tutulduğundan “Prokurorluq haqqında” Qanunun 38-ci maddəsinin ikinci hissəsinin ləğv edilməsi təklif olunur. Habelə, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların maddi təminatının yaxşılaşdırılması və vahid əmək haqqı sisteminin tətbiq edilməsi məqsədilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna müvafiq dəyişikliklər təklif olunur.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirilib ki, Məcəlləyə təklif olunan dəyişikliklər işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin, habelə ixtisasının artırılmasının hüquqi tənzimlənməsini nəzərdə tutur.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Daha sonra iclasda ölkə Prezidentin bir məktubu ilə parlamentə daxil olan və mahiyyətcə bir-birinə yaxın olan 19-cu və 20-ci məsələlərə baxılıb.
Əvvəlcə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Bildirib ki, təklif olunan dəyişiklik pensiya artımları ilə bağlı vahid indeksasiya metodunun tətbiq edilməsinin hüquqi bazasının yaradılmasına xidmət edir.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Dəyişiklikdə əməkhaqlarının artırılması sahəsində islahatların daha çevik həyata keçirilməsi, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqi nəzərdə tutulur.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Daha sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. Bildirib ki, Məcəlləyə təklif olunan dəyişikliklər qadınların məşğulluq imkanlarının genişləndirilməsini, onların daha çox əməkhaqqı ödənilən sahələrə çıxış imkanlarının asanlaşdırılmasını nəzərdə tutur.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu komitənin məsələ ilə bağlı müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Komitə sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini də təqdim edib. Təklif edilən dəyişikliyə əsasən, şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılır.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi