Milli Məclisdə görüş
İyunun 17-də Macarıstan Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Attila Tilki və qrupun üzvü İstvan Apati Milli Məclisdə olublar.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Əvvəlcə nümayəndə heyəti Milli Məclisin plenar iclas zalı ilə tanış olub.
Nümayəndə heyəti ilə görüşdə Milli Məclis sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli parlamentin sədri Sahibə Qafarovanın adından qonaqları səmimi salamlayaraq, dövlətlərarası münasibətlərin inkişaf dinamikasından məmnunluğunu ifadə edib, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin dərinləşdirilməsində dövlət başçılarının xüsusi rolunu vurğulayıb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus rolu qeyd olunub, qarşılıqlı səfərlərin, aparılan görüşlərin, müntəzəm təmasların, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığın mühüm əhəmiyyəti vurğulanıb. Parlamentlərin profil komitələri, o cümlədən də parlament aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi haqqında danışılıb.
Söhbət zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən danışan Əli Hüseynli, Macarıstan tərəfinə Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasında iştirakına görə təşəkkürünü bildirib.
Görüşdə çıxış edən parlamentin Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov, ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə toxunub, əlaqələrin dərinləşməsində ölkə başçılarının şəxsi münasibətlərini qeyd edib.
Azərbaycana səfərin məqsədləri barədə danışan Azərbaycanla dostluq qrupunun rəhbəri Attilla Tilki, iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini qeyd edərək, bildirib ki, xalqlarımızı ortaq dəyərlər birləşdirir.
Dövlətlərarası əlaqələrin inkişafında ölkə başçılarının yürütdüyü məqsədyönlü siyasət barədə danışan Azərbaycanla dostluq qrupunun rəhbəri, Macarıstanın daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini vurğulayıb, bu dəstəyin bundan sonra da bütün səviyyələrdə davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI