Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 14 iyun tarixli plenar iclasında çıxışı

0

Hörmətli həmkarlar! 

Bizim iclasımız Azərbaycan tarixində taleyüklü əhəmiyyət daşıyan bir hadisənin ildönümü ərəfəsində keçirilir. Sabah xalqımız Milli Qurtuluş bayramını dərin ehtiramla qeyd edəcək. Onu da qeyd etmək lazımdır ki, illər keçdikcə biz o zaman Ulu Öndər Heydər Əliyevin o dövrdə göstərdiyi fədakarlığı və qəhrəmanlığı daha da yaxşı anlayırıq. Ölkədə faktiki olaraq qardaş qırğını başlamışdı, erməni işğalı, separatçılıq meyilləri dövlətin varlığını təhlükə altına almışdı. 

Yalnız xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıtması Azərbaycanın parçalanması və məhv olması fəlakətinin qarşısını aldı. Ulu Öndər siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində Azərbaycan dövlətini qoruyub saxladı, möhkəmləndirdi və davamlı inkişaf yoluna çıxardı, onun geosiyasi əhəmiyyətini artırdı, ölkəmizi qlobal əhəmiyyətli iqtisadi layihələrin mərkəzinə çevirdi. 

Ulu Öndərin 30 ildən artıq bir dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, müasir müstəqil Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur.   

Hörmətli deputatlar!

Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir. Biz bunu dəfələrlə demişik ki, bizim üçün qürurverici bir haldır ki, Ümummilli Liderin böyük siyasətə qayıdışı məhz bu binadan başlamışdır. 

Hörmətli həmkarlar!

Ulu Öndərin qurtuluş və quruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət Azərbaycanı geniş bir bölgədə söz sahibi olan, dünyada səsi eşidilən qüdrətli bir dövlətə çevirmişdir. 

Yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan vermişdir – müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və 1 günlük antiterror tədbirlərində əldə edilən möhtəşəm qələbələr sayəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş, tarixi ədalət öz yerini tutmuşdur. 

Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Əminliklə söyləmək olar ki, dövlət başçısı cənab İlham Əliyevin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə imkan yaradacaq. Azərbaycan dövləti daim var olacaq, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”. 

Hörmətli həmkarlar! 

Bir neçə gündən sonra xalqımız insanları mərhəmətə və həmrəyliyə dəvət edən müqəddəs Qurban bayramını da qeyd edəcək. 

Mən təklif edirəm ki, Milli Qurtuluş Günü və Qurban bayramı münasibəti ilə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. 

Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar  arzulayaq.  (Alqışlar.)

Hörmətli həmkarlar, mən bayramlar münasibəti ilə sizin hər birinizi ürəkdən təbrik edirəm! Mən qonaqlarımızı da, media nümayəndələrini də təbrik edirəm.  

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir