Sülh müqaviləsi üçün VACİB ŞƏRT: – Ermənistan əməl edəcəkmi?
Ermənistan Konstitusiyasının dəyişdirilməsi vacibdir. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlament komissiyalarının birgə iclasında deyib. Bildirib ki, Azərbaycanın da, Ermənistanın da Konstitusiya ilə bağlı narahatlıqları var.
Qeyd edək ki, Ermənistan Müstəqillik Bəyannaməsi 21 sentyabr 1990-cı ildə təsdiq edilib. 12 bənddən ibarət olan bəyannamə Ermənistanın sabiq prezidenti, həmin vaxt Ermənistan Respublikası Ali Sovetinin sədri olan Levon Ter-Petrosyan tərəfindən imzalanıb.
Görəsən, Azərbaycanla sülhün əldə olunması üçün Ermənistan konstitusiya və müstəqillik bəyannaməsində dəyişiklik edə bilərmi?
“Turanın səsi ” in xəbəinə görə , Mövzu ilə bağlı politoloq Oqtay Qasımov bildirib ki, bu məsələ artıq uzun müddətdir hər iki ölkə cəmiyyətində ciddi müzakirə olunur:
“Əslində, Ararat Mirzoyanın söylədiyi fikirlər uzun müddətdir ki, istər Azərbaycan, istərsə də Ermənistan cəmiyyətində müzakirə olunur. Çünki Ermənistan konstitusiyasında müstəqillik haqqında bəyannaməyə istinad var. Həmin müstəqillik haqqında bəyannamədə isə 1989-cu ilin 1 dekabr tarixli Ermənistan SSR Ali Sovetinin qərarına istinad edilib. Həmin qərara görə, guya həmin vaxt Qarabağ Ermənistana birləşdirilib. Hansı ki, bu qərar elə həmin dövrdə də SSRİ Ali Soveti tərəfindən ləğv edilib. Sadəcə, Ermənistan tərəfi bu cür manipulyasiyalarla sözügedən qərarı istinad formasında qeyd edib. Məhz bu da Azərbaycana qarşı ərazi iddiasının irəli sürülməsi anlamına gəlir. Təbii ki, orada “soyqırım” və digər məsələlər öz yerini alıb ki, bu da Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirir”.
Politoloq Ermənistanda yaxın gələcəkdə referendumun keçirilməyəcəyini qeyd edib:
“Azərbaycan tərəfinin prinsipial mövqeyi ondan ibarətdir ki, konstitusiyada dəyişikliklər olmalı və ərazi iddialarını özündə ehtiva edən müddəalar konstitusiyanın mətnindən çıxarılmalıdır. Bunun da ən əlverişli yolu referendum zamanı qeyd olunan müstəqillik haqqında bəyannaməyə istinadın konstitusiyadan çıxarılmasıdır. Təbii ki, Ararat Mirzoyanın bu çıxışı daxili auditoriyaya hesablanmış mesajdır. Bizim üçün fərq etmir, əsas nəticədir. Əks halda, sülh müqaviləsi imzalansa belə, gələcəkdə baş verə biləcək gərginliklərə yol açacaq məsələlərin qalması demək olacaq. Açığı, ilin sonuna qədər bu məsələ ilə bağlı referendumun keçiriləcəyini düşünmürəm. Ermənistanın daxilindəki müəyyən gərginliyi və vaxt azlığını nəzərə alsaq, bu mümkün deyil. Məncə Nikol Paşinyan belə bir məsələnin referenduma çıxarılmasının müsbət nəticə verəcəyinə arxayın deyil”.
Nazim Hacıyev