Ərdoğan Netanyahunu vampir adlandırdı – Sərt açıqlama 

“İsrail beynəlxalq hüquqa tabe olmayana qədər heç bir dövlət, o cümlədən Türkiyə özünü təhlükəsiz hiss edə  bilməz”. 

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət, ilk növbədə ABŞ başda olmaqla Qərb ölkələri İsrailin Qəzza zolağının mülki əhalisinə qarşı cinayətlərinə məhəl qoymur. 

“Heç bir inanc günahsız dinc insanların çadırlarda yandırılmasına haqq qazandırmaz. Dünya Netanyahu adlı vampirin vəhşiliyini canlı izləyir. Fələstinin mülki vətəndaşlarının qanı ABŞ-ın, Avropanın dövlət və hökumət başçılarının əllərinə bulaşıb, onlar öz susqunluqları ilə İsrail “vampirizminin” ortağı olublar”, – Türkiyə lideri vurğulayıb.

Ərdoğan İsrailin baş nazirini “qaniçən xəstə, manyak, psixopat və vampir” adlandırıb. 

Dövlət başçısı qeyd edib ki, İsrail Qəzzada bəşəriyyəti öldürüb, Avropa isə onun dəyərlərini qırıb tapdalayıb. 

Prezident Ərdoğan Fələstin anklavında baş verən hadisələr fonunda beynəlxalq strukturların, ilk növbədə BMT-nin təsirsizliyinə də diqqət çəkib. 

“BMT soyqırımını dayandırmaq bir yana, özünün humanitar işçilərini belə qoruya bilmədi. Qəzzada təkcə bəşəriyyət yox, BMT də ölüb”. 

Dövlət başçısı beynəlxalq ictimaiyyəti Qəzzada törədilən soyqırımını dərhal və kollektiv şəkildə dayandırmağa çağırıb.

Türkiyə lideri Fələstin probleminin həlli üçün İslam dünyası ölkələrinin birgə səylərinin vacibliyini də vurğulayıb. 

O bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının bir sıra daimi üzvlərinin Fələstinin müstəqil dövlət kimi tanınması prosesinə mane olması yolverilməzdir. 

“BMT-yə üzv olan 193 ölkənin əksəriyyəti Fələstini dövlət kimi tanıyır. 147 ölkənin kollektiv qərarını 5 ölkənin ixtiyarına buraxmaq olmaz. 147 5-dən çoxdur”. 

Dövlət başçısı qeyd edib ki, rəsmi Tel-Əviv İsrail hökumətinin üzvlərini Qəzzada törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etmək səyləri fonunda Beynəlxalq Ədalət Məhkəməsinə və onun hakimlərinə təzyiq göstərməyə çalışır. 

Türkiyə lideri çıxışında bütün dünyaya yayılan Fələstinə dəstək tələbə hərəkatını da alqışlayıb. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir