Qobustanda məktəblilərlə görüş keçirilib
Qobustan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis mayoru Fərid Fətəliyev müasir dövrdə narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun fəsadlarından, ağır nəticələrindən danışıb, səbəb olduğu faciələrdən real faktlara istinad edib. Qeyd olunub ki, “ağ ölüm”lə mübarizədə ümumilikdə cəmiyyət barışmaz mövqe tutmalı, xüsusən gənclərimizə onun zərərləri barədə daha çox məlumat verilməlidir ki, fəsadları barədə məlumatlı olsunlar. Ölkəmizdə hüquq-mühafizə orqanları tərəfindən narkomaniyaya qarşı ciddi tədbirlərin görüldüyünü, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran F.Fətəliyev gənclərə bu bəladan hər zaman uzaq olmalarını tövsiyə edərək milli-mənəvi dəyərlərimizə sadiq olmalarını, təhsilə, sağlam həyat tərzinə maraq göstərmələrini, uğurlu gələcəklərini qurmaq üçün müasir elmi bilikləri, informasiya texnologiyaları ilə işləməyi öyrənmələrini tövsiyə edib.
Sonda şagirdləri maraqlandıran suallar polis əməkdaşları tərəfindən cavablandırılıb.