Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyirlər, lakin hələ də razılaşdırılmamış maddələr var.
“Turanın səsi” in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, həmçinin iki ölkə liderlərinin sərhədlərin delimitasiyası ilə bağlı danışıqları davam etdirdiyini qeyd edərək, bəzi məsələlərin artıq razılaşdırıldığını vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi, həmçinin bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur.
“Bu (sülhməramlıların çıxarılması – red.), Ermənistanın 1991-ci ilin Azərbaycan sərhədlərini tanımasından sonra regionda formalaşan mövcud reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və artıq sülhməramlılar üçün heç bir funksiya qalmayıb”, – Peskov deyib.
Xatırladaq ki, aprelin 17-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Rusiyanın ali rəhbərliyinin Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul etdiklərini bəyan edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI