Müharibə başladı: Region ölkələri təhlükə qarşısındadır 

0

Regionda hərbi gərginlik pik nöqtədədir. İllərlə dolan qan çanağı ləbələbdir və onun kimin başında çatlamasından asılı olmayaraq qan yaxındakı bütün ölkələrin üstünə sıçrayacaq. 

Bu, müasir müharibələrin fitrətində var. Başqa cür olmur, mütləq savaşanların qonşuları da zərər çəkir.

Məsələn, 10 il öncə Suriyada başlayan vətəndaş müharibəsinin iki ən böyük zərərçəkənindən biri Türkiyə oldu. Ölkə sayı 3 milyonu aşan qaçqın ordusunun ayağı altında qaldı. Onların yerləşdirilməsi, qida ilə təmin olunması Türkiyənin yeddi illiyini geri saldı.

Rusiyanın Ukraynada başlatdığı geniş miqyaslı müharibənin üç zərərçəkənindən biri Avropa ölkələridir. 10 milyondan çox ukraynalı Avropanın inkişaf etmiş ölkələrinə dağılıb. Onların müvəqqəti məskunlaşdırılması, ərzaqla təmin edilməsi, aylıq müavinətə bağlanması ölkələrin büdcəsini süd aqreqatı kimi sorur.

Ona görə də İranın qonşuluğundakı ölkələrin normal düşüncəli insanları heç vaxt istəməzlər ki, Tehran İsrailə hücum etsin. Çünki hamı əmindir: belə bir hadisə olsa, İsrail bir neçə qat misli ilə ağır cavab verəcək. Bu dövlət ona qarşı səslənən adi hədəni belə cavabsız qoymur, ciddiyə alır, tədbirlər planı hazırlayır, kobra ilanı kimi quyruğunun üstünə qalxıb gözləyir ki, həmləyə həmlə ilə cavab versin.

Üstəlik, ABŞ və onun qalaktikasındakı dövlətlər İsrailə dəstək verməyə hazırdırlar və bu, söz olaraq qalmayacaq. ABŞ və Avropa Ukraynaya hərbi yardım edərək 3-cü ildir Rusiyanın hərb maşınının tırtılını yerində eşdirdikləri kimi, asanlıqla birləşib İranı da təkləyəcəklər.

Bu dövlətlər üçün ikinci, üçüncü cəbhənin açılması problem deyil. Yetər ki, müharibə Avropanın klassik sərhədlərindən uzaqda olsun. Bu halda onlar hərbi sursata, texnikaya qənaət edən deyillər. Başqa qitələrdəki müharibələr Avropa dövlətləri üçün son 79 ildə birikmiş silah-sursatın istifadəsindən ötrü poliqon açılması deməkdir.

Əgər İran bir neçə saatdan sonra elə bir məşum səhv buraxsa, İsrailə hücum etsə və qarşılıq alsa, bu, Türkiyə, Azərbaycan, Türkmənistan, Əfqanıstan və İraqla sərhədlərdə böyük gərginliyə səbəb olacaq. Çünki bombardmandan, kütləvi ölümlərə səbəb olan çovumuş raketlərdən qorunmaq istəyən milyonlarla insan od-alov sarmış vətənlərini tezliklə tərk etmək istəyəcək və ölkənin sərhədlərinə doğru axışacaqlar.

Həmişə belə olur. Heç kəs öz ölkəsinin haqlı və ya haqsız hərbi siyasətinin qurbanı olmaq istəmir, ailə-uşağının salamatlığını istəyir və yaranmış vəziyyətdən çıxış yolunu sərhəd qapılarında görür.

İranın paytaxtı Tehranda, ikinci meqapolisi Təbrizdə və ölkənin şimal əyalətlərində yaşayan milyonlarla soydaşımızın nicat ünvanı Azərbaycan Respublikasıdır. Dövlətimiz müharibə ilə bağlı ölkənin tərk etmək istəyən qaçqın ordusunun beşdə birini qarşılamaq, yerləşdirmək gücündə deyil. Söhbət 100 min, 300 min və ya yarım milyon qaçqından getmir, hərbi əməliyyatlar davam edərsə, qaçqınların sayı 10 milyonu aşa bilər. Tutaq ki, ərəb mənşəli İran vətəndaşları İraqa, körfəz ölkələrinə üz tutacaqlar, bəluclar, türkmənlər Türkmənistana, Əfqanıstana sığınacaqlar, kürdlər ya Türkiyəyə, ya da İraq Kürdüstanına adlayacaqlar, qaşqayların və Cənubi Azərbaycan türklərinin qaçacaq yeri isə Türkiyə və Azərbaycandır.

Onları qəbul etməmək bir problemdir, qəbul etmək başqa problem.

Əgər İranın siyasi rəhbərliyi müharibənin doğurduğu fəsadları, faciələri, problemləri doğru-dürüst təhlil ediblərsə, böyük ehtimalla İsrailə hücumdan vaz keçəcəklər. Yox, kin və qisas hissi onların gözünü tutubsa, məşhur ifadədə deyildiyi kimi, qan gövdəni götürəcək.

Rəsmi Tehran ən azı onu nəzərə almalıdır ki, elan-bəyan, etiraf-təsdiq etməsə də, hələ 50 il öncədən İsrailin nüvə silahı var. Bu dövlət həmin silahı “qara günü” üçün saxlayır və özünün Yer üzündəki mövcudluq qarantiyası kimi görür. Təl-Əviv indiyə qədər düşünürdü ki, yəhudi dövlətinin və xalqının təhlükəsizliyi üçün həyati əhəmiyyətli təhdid yaranmayınca, nüvə başlıqlı raketlərin düyməsini sıxmasın. Ancaq indi real təhlükə yaranırsa, İsraili kim durduracaq?

Üstəlik, həm İsrail, həm də ABŞ neçə vaxtdır ki, İranın Buşəhr şəhərindəki yeraltı nüvə müəssisəsini vurmaq üçün bəhanə axtarır. Çünki onlar uzun zamandır uranı zənginləşdirərək nüvə silahı əldə etmək istəyən İranın öz nüvə başlıqlarını Buşəhrdə istehsal etmək istədiyinə və bu məqsədə yaxınlaşdığına əmindirlər. İsrail raketləri Buşəhrə düşsə, bu, həmin region üçün böyük fəlakət olacaq.

Təbii ki, ox yaydan çıxmaq üzrə olanda yüzlərlə politoloq və jurnalist hadisələrin sonrakı inkişafına dair nə qədər danışsalar, yazsalar da, müharibə qərarı verənlərin durdurmaq gücündə deyillər.

Oturub gözləməkdən və acı-acı düşünməkdən başqa çarə yoxdur.

Xalid KAZIMLI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir