“Erməni xalqi cəhənnəmdən keçir” – Kremlin təbliğatçı Qarabağın “itirilməsini” həzm edə bilmir
“İndi mənim sevimli Ermənistanım, erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”.
“Turanın səsi ” xəbər verir ki, bunu Kremlin ən tanınmış və ən çirkin təbliğatçılarından olan Vladimir Solovyov son verilişində Ermənistandakı vəziyyəti şərh edərkən söyləyib. Əvvəlcə Yunanıstanın və Bolqarıstanın Rusiyaya qarşı nankorluğundan və Ukraynaya yardım göstərməsindən gileylənən Solovyov daha sonra Ermənistana keçib.
Həmişəki iyrənc üslubunda çıxış edən bu avantürist utanmadan Ermənistanın indiki hakimiyyətini “Qarabağı satmaqda” günahlandırıb: “Bizim gözümüzün önündə “dağlıq Qarabağ”ı verdilər. Paşinyan bircə dəfə də demədi ki, “dağlıq Qarabağ”ın statusu nədir? O, yalnız Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə dirəşib. Bu formulla çıxış etməklə o, ermənilərin haranı öz torpaqları hesab etdiklərini demir və Qarabağı satır. Erməni deputatları deyir ki, Rusiya bazası Ermənistanı müdafiə etmək üçün heç nə etmədi. Hansı Ermənistanı? Göstərin, hansı Ermənistanı? Ermənistan hakimiyyətinin Rusiyaya hərbi yardımla bağlı bircə rəsmi müraciətini göstərin. Rusiya ordusu barədə deyilənlərdən öncə, deyin görək, sizin ordu, Ermənistan ordusu hansı döyüşlərdə iştirak edib?”
Solovyov deyib ki, Ermənistan Qarabağ müharibəsi zamanı rəsmən hərbi vəziyyət elan etməyib və Rusiyanı hərbi müdaxilə üçün çağırmayıb. Buna görə Paşinyan hakimiyyətini qınayan imperiyaçı həşarat Rusiyanın Cənubi Qafqazdakı işğalçılıq siyasətinə haqq qazandırıb və erməniləri Paşinyanı hələ də hakimiyyətdə saxlamaqda günahlandırıb: “Bu gedişlə Ermənistandan nə qalacaq? Sonra yenə Rusiyanı günahlandıracaqsınız?”
Rus xalqının erməni xalqından heç zaman üz çevirməyəcəyindən, “erməni-rus qardaşlığından”, ermənilərin “qədim xristianlığından” dəm vuran Solovyov Rusiya dövlətinin Ermənistan hakimiyyətindən, dövlətindən üç çevirə biləcəyini deyib: “Ermənistan hakimiyyətindəkilər doğrudanmı xristiandırlar? Onlar doğrudanmı erməni xalqının maraqlarına xidmət edirlər?”
Solovyov ermənilərə müasir Ermənistanın Rusiyanın sayəsində yarandığını xatırladıb və deyib ki, Rusiyanın hərbi-iqtisadi dəstəyini Qərb heç vaxt əvəz edə bilməyəcək. Sonda isə qeyd edib ki, Paşinyan hakimiyyəti heç vaxt rus və erməni xalqlarının “qardaşlığını” məhv edə bilməyəcək.
Beləliklə, sözsüz ki, hər zaman olduğu kimi Kremlin ağzı ilə danışan Solovyov növbəti dəfə Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etmir və onun “itirilməsini” heç cür həzm edə bilmədiklərini göstərir.