Ermənistan-Azərbaycan sərhədində toqquşma: Atan ruslardır?
Ermənistanın son 2 gün ərzində Azərbaycanla şərti sərhəddə atəşəkəsi dəfələrlə pozması və cənub istiqamətində, daha dəqiq desək, Zəngəzurda xeyli sayıda canlı qüvvə və hərbi texnika cəmləməsi iki ölkə arasında yenidən hərbi toqquşma təhlükəsini gücləndirdi. Xüsusən, Ermənistanın 5 aprel görüşündən sonra bu addımları atması, rəsmi İrəvanın sülh ritorikasını müharibə ritorikasına dəyişdiyini göstərir. Bəs görəsən bütün bunlar sərhəddə yeni hərbi eskalasiyanın və irimiqyaslı toqquşmaların başlanmasına zəmin yarada bilərmi?
“Turanın səsi ” in xəbərinə görə , mövzu ilə bağlı fikir bildirən ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hazırda Ermənistanın hərbi baxımdan belə bir addım atması mümkünsüzdür:
“Təxminlər ondan ibarətdir ki, nə qədər ki, tərəflər arasında sülh sənədi imzalanmayıb, gəriginlik həmişə olub və bundan sonra da olacaq. O ki qaldı Ermənistanın Azərbaycana qarşı hər hansı bir güc amilinə əl atmasına, bu mümkünsüzdür. Ermənistan ordusu bu gün o səviyyədə deyil ki, Azərbaycana qarşı hər hansı əməliyyatlarda uzun müddət duruş gətirə bilsin. Təxribat həmişə olub və olacaq. Sadəcə bir şeyə diqqət etmək lazımdır ki, şərti Azərbaycan-Ermənistan sərhəddini kim qoruyur? Əvvəla, Ermənistanda sərhəd qoşunları yoxdur. Ermənistanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik xidmətinin sərhəd qoşunları mühafizə edir. Əgər atəşkəs pozulursa və bizim istiqamətlərimizə atəş açılırsa, bunun bir məsuliyyəti də Rusiya tərəfindədir. Onlar bu məsələ aydınlıq gətirməlidirlər ki, onlar başının üzərindən ermənilər necə Azərbaycan tərəfinə atəş açır. Bunun əksi varsa, Rusiya və Ermənistan bunu sübut etsin”.
Polkovnik İrandan Ermənistana daşınan hərbi yüklər barəsində də danışıb:
“44 günlük savaşda belə Naxçıvana atəş açmağa cəsarət etmədilər. Çünki Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət Türkiyənin üzərindədir. Ermənistan o qədər ağılsızdır ki, Naxçıvana hər hansı bir həmlə edərək, Türkiyənin də düşmənçiliyini qazansın? Bu baxımdan müharibə olması ehtimalı yoxdur. Toqquşma dünən də olub, bu gün də var, sabah da olacaq. Toqquşmalar o zaman bitə bilər ki, Ermənistandakı revanşistlər bu cür təxribatların əbəs yerə olduğunu başa düşsünlər. İrandan Ermənistana daşınan silahlarla bağlı onu deyə bilərəm ki, İran İrəvana pilotsuz uçuş aparatları daşıyır. Amma sonra həmin pilotsuz uçuş aparatları 102-ci baza vasitəsi ilə hara daşınır? Buna da diqqət etmək lazımdır. İran sanksiya altında olduğu üçün birbaşa Rusiyaya PUA tədarük edə bilmir və bunu Ermənistan üzərindən həyata keçirir. Ermənistan tərəfi hazırda 4 kəndin təhvil verilməsini gecikdirirlər. Burada müəyyən məqsədlər və belə desək, “siyasi alver” var. Ancaq mən hər hansı hərbi eskalasiyanın olacağını düşünmürəm”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI