Əmək və sosial siyasət komitəsinin iclasında
Aprelin 2-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev diqqətə çatdırıb ki, gündəliyə 6 məsələ daxil edilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclasda, əvvəlcə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) Azərbaycan Respublikası qanununun layihəsinə baxılıb. Təklif olunan dəyişikliklər barədə məlumat verən Komitə sədri qeyd edib ki, Qanun layihəsi “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq hazırlanmışdır. O, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə, həmçinin Vergi Məcəlləsinin 102-ci maddəsinə təklif olunan düzəlişlərin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına şamil olunan güzəştlərdən istifadə hüququnu təmin edəcəyini diqqətə çatdırıb.
Qanun layihəsi barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ətraflı məlumat verib. Qeyd olunub ki, qanun layihəsi DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş Qaydaları”na uyğun olaraq ödənilən bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Diqqətə çatdırılıb ki, diplomatik xidmət orqanları əməkdaşları ilə yanaşı təyin olunduqları ölkələrdə dövlət qulluğunun xüsusi növündə xidmət keçən Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin də həmin güzəştlərdən istifadə etmələrinin təmin edilməsi ilə əlaqədar qeyd olunan normativ hüquqi aktlarda dəyişiklik edilməsi zəruri hesab edilmişdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI