31 mart seçkilərində parlayan Ərbakan kimdir? – FETÖ izi…
Dünən Türkiyədə keçirilən bələdiyyə seçkilərində olduqca maraqlı nəticələrlə yadda qalıb. Müxalif Cümhuriyyət Xalq Partiyası hakim Ədalət və İnkişaf Partiyasının qabaqlayaraq, seçkinin qalibi olub.
“Turanın səsi ” xəbər verir ki, 31 mart seçkilərində ən sürpriz nəticəni mərhum baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın rəhbərlik etdiyi Yenidən Refah Partiyası göstərib. Belə ki, partiya səslərin 6.15 faizini alaraq, Türkiyə üzrə 60 bələdiyyə qazanıb. Bəs son seçkilərin parlayan siyasi fiquruna çevrilmiş Fatih Ərbakan əslində kimdir?
45 yaşlı siyasətçi ilə bağlı maraqlı nüansları təqdim edirik:
Tam adı Məhəmməd Əli Fatih Ərbakan olan siyasətçi 1979-cu ildə Ankarada doğulub. Türkiyənin 23-cü baş naziri Nəcməddin Ərbakanın oğludur.
Fatih Ərbakan ali təhsilini Ankarada yerləşən Başkənd Universitetinin Elektrik-Elektronika mühəndisliyi ixtisası üzrə alıb. Daha sonra təhsilini davam etdirmək məqsədi ilə Londona getsə də, anası Nərmin Ərbakanın vəfatı səbəbi ilə Türkiyəyə geri qayıdıb. Başkənd Universitetində magistr və doktorantura təhsilini bitirib. İngilis dilini yüksək səviyyədə bilir.
Fəzilət Partiyası və Səadət Partiyasındakı siyasi fəaliyyətlərindən sonra 2018-ci ilin 23 noyabr tarixində Yenidən Refah Partiyasını quran Fatih Ərbakan “Andy Ar” adlı araşdırma mərkəzi tərəfindən hazırlanan gələcəyin potensial liderləri siyahısında ilk onluqda yer alıb. 2023-cü il parlament seçkilərində İstanbuldan millət vəklili seçilib. Eyni ildə baş tutan prezident seçkilərində namizəd olsa da, daha sonra Cumhur İttifaqı lehinə geri çəkilib. Gənc siyasətçi ailəlidir, Mərvə və Mina adlı 2 qızı var.
Qeyd edək ki, ötən gün baş tutan bələdiyyə seçkilərində göstərdiyi nəticələrə görə Fatih Ərbakan və partiyası Türkiyə mediyasında diqqətlə qarşılanıb.
Türkiyənin bəzi siyasi çevrələrində onun adı FETÖ ilə hallanır. Siyasi İslamın parlaq simalarındann sayılan Ərbakanın bu uğurunda hazırda ABŞ-da yaşayan təriqət rəhbəri Fətullah Gülənin rolunun olduğu bildirilir. Amma oğul Ərbakan bu iddiaları rədd edir. O, FETÖ ilə əlaqəsinə dair ciddi sübut tələb etsə də, ortaya hər hansı fakt qoyulmayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI