Milli Məclisin plenar iclasında
Martın 29-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclasın əvvəlində spiker Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin martın 22-dən 26-dək İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib.
Milli Məclisin sədri bildirib ki, səfərdə məqsəd Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında və Asiya Parlament Assambleyasının koordinasiya iclasında iştirak etmək idi.
Spiker qeyd edib ki, Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında “Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması” mövzusunda müzakirələr aparılıb və o, öz çıxışında beynəlxalq qaydalara əməl olunmaması, ikili standartların və müəyyən dövlətlərin maraqlarının üstünlük təşkil etməsi nəticəsində dünyanın daha parçalanmış və təhlükəli hala gəldiyini qeyd edib. Həmin iclasda o, parlament diplomatiyasının artan əhəmiyyətindən danışıb, sülh və qarşılıqlı anlaşma yaradılmasında parlamentlərin rolu barədə fikirlərini bölüşüb. Bildirib ki, xalqın nümayəndələri olaraq parlamentlər etimad, təhlükəsizlik və sülh şəraitində dinc birgəyaşayış məsələlərinin həllinə mühüm töhfələr verə bilərlər.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Asiya Parlament Assambleyasına Azərbaycan Milli Məclisinin sədri rəhbərlik edir. Spiker qeyd edib ki, Cenevrədə onun sədrliyilə bu iki təşkilatın iri miqyaslı tədbirləri keçirilib.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Üçüncü Konfransında üzv parlamentlər, habelə beynəlxalq təşkilatların 56 nümayəndə heyəti iştirak edib.
Toplantıda söylədiyi giriş nitqində Milli Məclisin sədri Qoşulmama Hərəkatına ölkəmizin sədrliyi dövründə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması istiqamətində atılan addımların Hərəkatın institusional inkişafı üçün əhəmiyyətini qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI