Əliyevdən iki ölkəyə fərqli dəhliz mesajı – “Ən qısa vaxtda…”

0

Azərbaycan və Ermənistan sülh və ya çərçivə sazişinin mətni üzərində, o cümlədən sərhədin müəyyənləşməsi istiqamətində müəyyən qədər irəliləyiş əldə etsə də, Zəngəzur dəhlizinin açılması və dəmir yolunun işə düşməsi mövzusunda irəliləyiş yoxdur. Bu dəhliz bir çox dövlətin maraq dairəsindədir.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri qeyd edirlər ki, Zəngəzur dəhlizi Çini Avropa ilə birləşdirəcək Orta dəhlizin tərkib hissəsi olmalıdır:

“Bu dəhlizin işə düşməsi Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, eləcə də Ermənistan üçün faydalıdır. Bu yol Rusiyadan yan keçsə də, Rusiya Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə çıxış imkanı qazanacaq. Demək, Zəngəzur dəhlizi Rusiya üçün də faydalıdır. Bu dəhlizin əleyhinə çıxan əsas dövlət İrandır. Çünki Tehranda yanlış olaraq hesab edirlər ki, bu, İranın Ermənistana çıxışının qarşısını alacaq. Halbuki dəhliz iki ölkə arasında giriş və çıxış imkanlarını bağlaya bilməz. Digər tərəfdən, İranın özü də Azərbaycan üzərindən Zəngəzurdan keçəcək dəmir yolundan sərnişin və yükdaşımalarda istifadə edə bilər.

Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı fərqli yanaşma ortadan qaldırılmayıb. Azərbaycan maneəsiz keçid tələb edərkən, Ermənistan dəhlizdə yoxlama həyata keçirmək istəyir. Azərbaycanın əsas arqumenti budur ki, Zəngəzur dəhlizi Azərbaycanın bir hissəsini digər hissəsi olan Naxçıvanla bağlayacaq və bu halda sərhəddə vətəndaşlarının yoxlanılması düzgün deyil. İrəvan isə dəhlizin Ermənistan yurisdiksiyası altına fəaliyyət göstərməsini tələb edir”.

Analizdə qeyd olunur ki, Avropa Birliyi də Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasını istəyir:

“Avropa Şurasının prezidenti Şarl Mişel son açıqlamasında bu məsələdə mövqelərin bir-birinə yaxılaşdığını bildirmişdi. Ancaq bu açıqlamadan ötən 8 ay ərzində heç nə dəyişməyib və mövqelərdə yaxınlaşma müşahidə olunmur. İrəvan rəsmi Bakının nümunə kimi irəli sürdüyü Kalininqrad modelini İrəvan müzakirə etmək istəmir.

Dəhlizin işləməsi üçün təklif edilən digər model sərhəd və gömrük yoxlamasını üçüncü tərəflərdən birinə həvalə etməkdir. Ermənistan bəri başdan Rusiya hərbçilərinin dəhlizdə yerləşməsinin əleyhinədir. Bəs “üçüncü tərəf” dedikdə hansı dövlət və ya beynəlxalq təşkilat nəzərdə tutula bilər? Məsələn, Azərbaycanın və Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bu işin öhdəsindən gələ bilərmi? Yaxud Ümumdünya Gömrük Təşkilatı sadələşdirilmiş keçid üçün tərəfləri razı salacaq model təklif edə bilərmi? Bu təşkilatın sadələşdirilmiş keçid modellərinin hazırlanmasında və tətbiqində təcrübəsi var. Bütün hallarda bu mövzuda müzakirələrin davamına ehtiyac var.

Azərbaycan Şərqi Zəngəzurda dəmir yolunun bərpasını sürətlə icra edir. Ermənistan tərəfdə isə heç bir iş görülmür. Azərbaycanın İranla razılaşması var və Araz çayının sahili ilə dəmir yolu inşa edilməlidir. Əslində, bu amil Ermənistan hökumətini Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşmaya həvəsləndirməlidir. Çünki İrandan keçən marşrut qısa zamanda reallaşarsa və bu istiqamətdə sərnişin və yükdaşıma artarsa, Zəngəzurun əhəmiyyəti azalacaq.

Zəngəzur dəhlizindən yalnız Azərbaycan vətəndaşları Naxçıvana və Türkiyəyə keçid üçün istifadə etməyəcək. Ermənistan vətəndaşları da bu dəhlizdən keçən dəmir yolu vasitəsilə Rusiyaya gedə biləcəklər. Bu baxımdan, Azərbaycan üzərindən Rusiyaya sadələşdirilmiş keçid Ermənistanın da maraqlarına cavab verir. Azərbaycanla Ermənistan arasında qısa zamanda sülh və ya çərçivə sazişi imzalanarsa, bu, iki ölkə arasında digər, o cümlədən dəhliz danışıqlarını intensivləşdirməlidir”.

Məqalədə xatırladılır ki, Prezident İlham Əliyev “Qafqaz Evi” modelini təklif edib:

“Dövlət başçısı 2023-cü ilin oktyabr ayında Tiflisdə rəsmi görüşləri zamanı Bakının Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanılmasına hazır olduğunu vurğulamışdı. Azərbaycan Prezidentinin təklif etdiyi “Qafqaz Evi” modeli reallaşarsa, Cənubi Qafqaz ölkələri arasında Avropa Birliyi üzvləri arasında olduğu kimi, sərhəddə xüsusi yoxlamalara ehtiyac qalmayacaq. Elə etmək lazımdır ki, həm Zəngəzur dəhlizi işə düşsün, həm də Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ittifaqlarda yer almasın. Ermənistan regional əməkdaşlığa cəlb olunarsa, müxtəlif ölkələrdəki mərkəzlərin Azərbaycana qarşı təbliğatının da effekti olmayacaq”.

“Atlas”ın ekspertləri hesab edirlər ki, Zəngəzur dəhlizi ilə “Qafqaz Evi” modeli arasında bağlılıq var.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir