Bayramov və Fidan sülh prosesini müzakirə etdilər
Ceyhun Bayramov Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
“Turanın səsi ” xəbər verir ki, təkbətək görüş zamanı Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
C. Bayramov qardaşlıq və dostluğa əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında müşahidə olunan dinamikanın, xüsusilə müttəfiqlik əlaqələrimizi təsbit edən Şuşa Bəyannaməsinin imzalanması ilə yeni müstəviyə qədəm qoyan əlaqələrimizin məmnunluq doğurduğunu qeyd edib. İkitərəfli müttəfiqlik münasibətlərinin regional, habelə beynəlxalq platformalar çərçivəsində özünü nümayiş etdirdiyi, qarşılıqlı dəstək və həmrəyliyimizi möhkəmləndirdiyi diqqətə çatdırılıb.
Qarşı tərəf cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırılıb. Ölkəmizin mövcud çətinlik və çağırışlara baxmayaraq sülh prosesinin irəlilədilməsində qərarlı olduğu, münasibətlərin normallaşmasının öz növbəsində regional sülh və təhlükəsizliyə töhfə verəcəyinə dair inamlı olduğumuz diqqətə çatdırılıb.
H. Fidan yüksək qonaqpərvərliyə, habelə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilatçılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI