Braziliyada keçirilən prezident seçkilərində solçu Lula da Silva qalib gəlib
Braziliyada keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silva qalib gəlib.
“Turanın səsi” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Protokolların 99,1 %-nin hesablanmasına görə, Braziliyada keçirilən prezident seçkilərində Lula da Silva rəqibi Jair Bolsonaronu təxminən 2 milyon səslə qabaqlayıb.
Qeyd edək ki, bazar günü Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib. Lula da Silvanın rəqibi Jair Bolsonaro hazırkı dövlət başçısıdır.
Da Silvanın seçki kampaniyasında əsas şüarı “kasıb insanı büdcəyə daxil edək” olub. O, maaşların hər il inflyasiya səviyyəsindən yuxarı indeksləşdirilməsini, yoxsul ailələrə ödənişlərin artırılmasını və vergilərə aztəminatlı əhalinin xeyrinə yenidən baxılmasını, həmçinin məşğulluğun stimullaşdırılmasını vəd edib.
02:06
Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi Luis İnasiu da Silva (və ya qısaca “Lula”) bülletenlərin ilkin hesablanmasından sonra rəqibi hazırkı Prezident Jair Bolsonarunu ötüb – 50,04 %.
“Turanın səsi”-in xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bülletenlərin 69,86 %-i hesablanıb.
İlkin hesablamalara görə, seçicilərin 49,96 %-i hazırkı dövlət başçısını dəstəkləyib.
Xatırladaq ki, seçkilərin birinci turunda Lula da Silva 47,95 faiz səs toplayıb – onu 55 milyondan çox Braziliya vətəndaşı dəstəkləyib. Bolsonaro 43,62 faiz səs toplayıb – ona 50 milyondan çox braziliyalı üstünlük verib.
Qeyd edək ki, 77 yaşlı Lula 2003-cü ildən 2010-cu ilədək Braziliyanın Prezidenti olub. O, Sosialist Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub. O, 2002-ci ildə seçilib, 2006-cı ildə isə yenidən seçilib.
2010-cu ildə “Time” jurnalı Lulanı “dünyanın ən təsirli insanı” adlandırıb.
Lula 2017-ci ildə korrupsiya və çirkli pulların yuyulması işi üzrə 9,5 il müddətinə azadlıqdan məhrum edilib. O, 2019-cu ilin noyabrında azad edilib. 2021-ci ilin martında Braziliyanın Federal Ali Məhkəməsi ona qarşı bütün ittihamları ləğv edib.