Vitse-spiker Adil Əliyev: “Füzulidəki Mərkəz Azərbaycan-Qazaxıstan münasibətlərinin simvoludur”
Bu gün dövlətimizin qarşısında dayanan əsas vəzifələrdən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli sıx münasibətlər qurmaq, qarşılıqlı fəaliyyət göstərərək dövlətlərimizi gücləndirməkdir.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Xüsusilə Azərbaycan-Qazaxıstan münasibətləri bu gün tarixinin ən parlaq dövrünü yaşayır. Ortaq tarixi dəyərlərə, mədəniyyətə malik iki qardaş xalqın əməkdaşlığı ən yüksək zirvədədir. Bu iki qardaş ölkə istər ikitərəfli, istərsə də beynəlxalq aləmdə bir-birinə yüksək dəstək nümayiş etdirir. Türk Dövlətləri Təşkilatında, eləcə də digər beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi milli mənafelərə xidmət edir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkələrimiz arasındakı dostluq münasibətləri Prezident İlham Əliyevin və Prezident Kasım-Jomart Tokayevin səmimi münasibətləri nəticəsində daha da dərinləşib. Məhz dövlət başçılarının qarşılıqlı çoxsaylı səfərləri iqtisadi, ticarət və siyasi münasibətlərimizə geniş töhfə verməkdədir. Prezident İlham Əliyevin qardaş ölkəyə yarım il ərzində 4 səfəri, eləcə də Qazaxıstan Prezidentinin çoxsaylı səfərləri ölkələrimizin münasibətlərinin daha da sıx olmasına xidmət edən faktordur.
Bu gün Qazaxıstanla bir çox sahələrdə qurduğumuz qarşılıqlı əlaqələr hər iki ölkənin mənafeyinə uyğundur. Məhz TransXəzər marşrutunun işə salınması ölkəmizin tranzit əlaqələrinə mühüm töhfə verir. Qeyd etməliyəm ki, bu gün Şərqdən-Qərbə ticarət dövriyyəsinin əsas daşınması məhz ölkəmizin ərazisindən tranzit keçidlə təmin olunur. Bu təkcə iqtisadi məsələ deyil, həm də bir çox sahələrdə Azərbaycanın strateji önəmini dünyaya nümayiş etdirir.
Təbii ki, tranzit əlaqələrdə qardaş Qazaxıstanın rolu böyükdür. Bütün sahələrdə ölkəmizlə həmrəylik sərgiləyən və strateji tərəfdaşımız olan bu ölkə bizim üçün olduqca vacibdir.
Qeyd etmək lazımdır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə qardaş ölkənin Füzuli şəhərində inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi həm də dövlətlərimiz arasında olan dostluğun, qardaşlığın əsas simvollarından birinə çevriləcəkdir. Bundan başqa, bu günlərdə Qazaxıstanın dövlət başçısının ölkəmizə səfəri, Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının keçirilməsi olduqca mühüm tarixi hadisədir. Səfər zamanı imzalanmış sənədlər bir çox sahədə əməkdaşlığımızın inkişafına xüsusi töhfə verəcəkdir.
Qazaxıstanın hər zaman ərazi bütövlüyümüzü dəstəkləməsi və münaqişənin dinc yolla nizama salınması ilə bağlı Ermənistana verdiyi ciddi mesajlar bizim üçün olduqca dəyərlidir. Qeyd etməliyəm ki, Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olan və tarixi torpaqlarımızın düşməndən azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsi həm də Azərbaycanın dostlarının qələbəsi idi. Məhz 30 ilə yaxın müddət ərzində məcburi köçkün kimi yaşamış vətəndaşlarımız artıq öz dədə-baba yurdlarına geri dönürlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə başlanılmış genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində yaşayış kompleksləri tikilir, bağça, məktəb, xəstəxana kimi vacib infrastrukturlar yaradılır. Bu gün Azərbaycan və Qazaxıstan dövlət başçılarının birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər etməsi, Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olduqca əlamətdar hadisədir. Dövlət başçılarının Füzuli şəhərində inşa olunmuş bu məktəbin açılışı zamanı incəsənət xadimləri ilə yanaşı, gələcəkdə bu məktəbdə təhsil alacaq uşaqlarla görüşməsi də böyük əhəmiyyət kəsb edir.
Qazaxıstan tərəfindən inşa olunaraq xalqımıza hədiyyə olunmuş bu Mərkəzi Azərbaycan xalqı da yüksək qiymətləndirir, dövlətimizin və xalqlarımızın arasındakı dostluğun simvolu hesab edir. Bu gün parlamentlərimiz arasında da işçi qruplar fəaliyyət göstərir. Hazırda rəhbərlik etdiyim Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük işçi qruplardan biridir. Qarşılıqlı təcrübənin öyrənilməsi, parlamentlərimiz arasında əməkdaşlıq mənafelərimizə uyğun olmaqla yanaşı, həm də hər iki dövlətin dostluğunun inkişafına xüsusi töhfə verir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI