İngiltərə Premyer Liqası: Mudrık mükəmməl qolla “Çelsi”yə 3 xal qazandırıb

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində “Çelsi” “Nyukasl”ı qəbul edib.

Turanın səsi ” xəbər verir ki, Con Bruksun başçılıq etdiyi arbitrlər briqadasının idarə etdiyi oyun “Stemford Bric” stadionunda baş tutub.

Oyun fəal başlayan “Çelsi” hesabı erkən açıb: 6-cı dəqiqədə Kol Palmerin ötürməsindən sonra Nikolas Cekson fərqlənib. Birinci hissənin sonunda isə qonaqlar hesabı bərabərləşdiriblər: 43-cü dəqiqədə Aleksander İsak Premyer Liqada 12-ci qolunu vurub, ona məhsuldar ötürməni braziliyalı Brunu Gimaraynş edib.

58-ci dəqiqədə “zadəganlar”ın yarımmüdafəçisi Kol Palmer mükəmməl zərbə ilə qapıçı Martin Dubravkanı məyus edib. 76-cı dəqiqədə isə ukraynalı Mixaylo Mudrık “sağsağanlar”ın müdafiəsini yarıb qapıçını da geridə qoyaraq topu qapıya göndərib. Matçın 90-cı dəqiqəsində Ceykob Mörfi oyunda intriqanı bərpa etsə də, Eddi Haunun yetirmələrinin bundan artığına gücü çatmayıb: oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra argentinalı baş məşqçi Maurisio Poçettionun yetirmələri 11-ci pillədəki yerlərini bərkidərək “Nyukasl”la xal fərqini birə endiriblər. Komandaların müvafiq olaraq 39 və 40 xalı var. Bundan başqa, “Çelsi”nin ehtiyatında bir oyun var. “Zadəganlar”ın Premyer Liqada növbəti matçı martın 30-da evdə “Börnli”yə qarşı olacaq, “sağsağanlar” isə eyni gündə öz meydanlarında Londonun “Vest Hem”i ilə üzləşəcəklər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir