“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəldi
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir.
“Turanın səsi” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Bakıda “Braqa”nı qəbul edib.
İkinci hissənin əvvəllərində “Qarabağ” meydanda azlıqda qalıb. Hakim Elvin Cəfərquliyevi 4 dəqiqə ərzində 2 sarı vərəqə ilə cəzalandırıb və nəticədə Ağdam təmsilçisi uzun müddət bir nəfər az oynamağa məcbur olub.
Qırmızı vərəqədən sonra “Braqa” 2 qol vurub. Belədə ümumi hesab bərabərləşib və əlavə vaxta ehtiyac yaranıb.
Əlavə vaxt da kifayət qədər drammatik alınıb. Görüş “Qarabağ”ın 3:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan Ağdam təmsilçisi 1/8 finala yüksəlib.
Bu, Azərbaycan futbolu tarixində ilkdir.
22 fevral
UEFA Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya) – 2:3
Qollar: Mateus Silva, 102, Nəriman Axudzadə, 120+2 – Rojer Fernandes, 70, Alvaro Djalo, 83, Simon Banza, 115-pen.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 57 (“Qarabağ”)
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 4:2