Qisas” əməliyyatı çox təsirli cəza tədbiri oldu
2020-ci il noyabrın 10-da Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli bəyanata görə Laçın şəhəri, Zabux, Sus kəndləri yol çəkildikdən sonra Azərbaycana qaytarılmalı idi. Ölkəmiz yüksək keyfiyyətlə və qısa müddətdə Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisini başa çatdırdı. Bu da dövlətimizin ərazi bütövlüyünün bərpasına, sərhədlərin delimitasiya prosesinə, bölgənin taleyinə yönəlik bütün öhdəlikləri dəqiqliklə icra etdiyinin sübutudur. Yeni yolun tikintisi başa çatandan sonra Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri yenidən öz tarixi bütövlüyünə qovuşdu. Bu yerlərin qaytarılması həm də məcburi köçkünlərimizin öz doğma el-obalarına qayıtması prosesini sürətləndirəcək. Bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
A.Əliyev qeyd edib ki, erməni revanşist qüvvələr hər vəchlə çalışırdılar ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxmasınlar. Bu istiqamətdə bir neçə dəfə təxribatlara da əl atdılar. Azərbaycan Ordusunun bir əsgəri də şəhid oldu. Lakin müzəffər ordumuzun bölmələri 44 günlük Vətən müharibəsində olduğu kimi düşmənə elə dərs verdi ki, onlar bir daha yaddan çıxarmasınlar. Həqiqətən də, “Qisas” antiterror əməliyyatı qısamüddətli olsa da, çox təsirli cəza tədbiri idi. Bəlkə də bu əməliyyat olmasaydı, hələ də ermənilər oradan çıxmayacaqdı. Ümumiyyətlə, Laçın şəhəri, Zabux və Sus kəndləri Ermənistanın məkrli planları üçün hər zaman hədəf nöqtələrindən biri olub. Məşhur “Zabux dərəsi”, yəni dəhliz adlanan bu ərazi erməni silahlı birləşmələrinin Zəngəzurdan Qarabağdakı separatçı ünsürlərlə əlaqə yaratması üçün əsas yol idi.
Bu gün Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması erməni separatizminə də böyük zərbə oldu. Azərbaycan üçün böyük stateji əhəmiyyət daşıyan bu bölgədə işğal dövründə qanunsuz məskunlaşma aparılmışdır. Bu qanunsuz məskunlaşdırma Cenevrə konvensiyalarının ciddi şəkildə pozulması, müharibə cinayəti olmaqla bərabər, Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət də yaradır.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri çərçivəsində Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi geniş müsahibəsində bildirdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, mövcud vəziyyət və gələcək perspektivlər bizim üçün aktualdır. Vitse-spiker bu məsələyə də toxunaraq bildirdi ki, dövlətimizin başçısı xüsusilə son günlərdə Laçın rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas” əməliyyatının əhəmiyyətindən də ətraflı bəhs edib. Dövlət başçısı bildirib ki, hərbi əməliyyatdan sonra Ermənistan yüzlərlə hərbçisini Qarabağ bölgəsindən çıxarıb. Daha sonra dövlət başçısı vurğulayıb: “Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha sərt olacaq, daha da peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq”.
Azərbaycan Prezidentinin vurğuladığı kimi, bizim məqsədimiz erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etmələridir. Bu, Ermənistanın öhdəliyidir. Bu, 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib.
Anar TURAN,
“Xalq qəzeti