Məşhur avtomobil markası Azərbaycanda istehsal ediləcək
Rusiyanın “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” avtomobillərinin yığılmasını təşkil etmək üçün danışıqlar aparır. Bu barədə şirkətin rəhbəri Maksim Sokolov Moskvada keçirilən “Rossiya” forum-sərgisi çərçivəsində jurnalistlərə bildirib
Qeyd edək ki, hələ yanvarda təşkil olunan “AvtoVAZ”ın təqdimatında qeyd olunub ki, şirkət Azərbaycanda iri aqreqatların yığılması üsulu ilə avtomobillərinin kütləvi istehsalına başlamağı planlaşdırır.
Bəs görəsən bu təşəbbüs ölkə iqtisadiyyatına və avtomobil bazarına hansı töhfələri verə bilər?
“Turanın səsi ” in xəbərinə görə mövzu ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı ölkədə “Lada” avtomobillərinə böyük maraq olduğunu, lakin bu maşınların bir çox komponentlərdə geri qaldığını deyib.
“Ölkədə “Lada” markalı avtomobillərə əzəldən böyük maraq var. Bazarda tələb olunan başlıca tələb olunan markalardan biri də məhz elə budur. Ancaq bu maşınların nə qədər dözümlü olması sual altındadır. Artıq VAZ öz dövrünü başa vurub. Bu maşınların təhlükəsizlik sistemi arzuolunan səviyyədə deyil.
Dizayn baxımından hər nə qədər müasirləşdirilsə də, Çinin ən pis modelindən belə bərbad haldadır. Birinci sual budur ki, bizə bu lazımdırmı? Ancaq iqtisadi cəhətdən ölkəyə divident gətirə bilər.
Digər tərəfdən Azərbaycanda utilizasiya prosesi başlayır. Köhnə avtomobillər tədricən yığışdırılacaq. İnsanların ucuz və sərfəli avtomobillər əldə etməsi üçün belə bir addım əslində məqsədəuyğun olar. Çünki ölkəmizdə “Lada” istehsalı başlayarsa insanlar yerli bazardan bu modeldə daha ucuz və yeni avtomobillər əldə edə bilər”.
İqtisadçı-ekspert Asif İbrahimli bu təşəbbüsün ölkə iqtisadiyyatına ciddi töhfə verəcəyini qeyd edib:
“AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” avtomobillərinin yığılmasını və birbaşa istehsal olunmasını, eyni zamanda region ölkələrinə satışı təmin etmək üçün belə bir bəyənat vermişdi. Bu baxımdan Azərbaycan perspektiv olaraq həm Avropaya, həm də Mərkəzi Asiya ölkələrinə çıxış üçün əlverişlidir.
Ona görə düşünürəm ki, digər xarici investorlar kimi, Rusiyanın da ən böyük istehsalçılarından biri olan “AvtoVAZ” şirkətinin də Azərbaycanda belə bir təşəbbüs göstərməsi heç də təəccüb yaratmamalıdır. Məlum olduğu kimi, Ukrayna-Rusiya münaqişəsi nəticəsində Rusiya məhsullarının, o cümlədən avtomobillərinin bir çox ölkəyə çıxışı məhdudlaşdırıldı. İstehlakçılar arasında başlıca Avropa ölkələrinin istehsal etdiyi avtomobillərə daha çox üstünlük verildi. Ancaq qiymət baxımından bir çox müştəri üçün “Lada” avtomobilləri uyğun seqment hesab olunur.
Bu baxımdan təkmilləşdirmə işləri aparıb Azərbaycandan bu avtomobillərin satışını həyata keçirmək optimal variant sayılır. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatına faydası olacaq. Hər şeydən öncə belə bir avtomobil zavodunun ölkədə qurulması yeni iş yeri deməkdir. Hansı regionda açılacaqsa, həmin regionun inkişafına ciddi töhfə verəcək addımdır.
Digər tərəfdən həmin zavodda təkcə avtomobil deyil, ehtiyat hissələrinin də bazasıdır. Nümunə üçün qeyd edim ki, Özbəkistanda “Daewo” zavodu açıldıqdan sonra akumlyator və təkər istehsalı da başladı. Bu baxımdan belə bir təşəbbüsün Azərbaycan iqtisadiyyatına ciddi töhfələr verəcəyini düşünürəm”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI