Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi – QƏRAR
Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
“Turanın səsi ” xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu prezident seçkilərinin nəticələrini təsdiq edib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev növbəti 7 il müddətində Azərbaycanın Prezidenti seçilmiş hesab edilib.
Qərar qətidir, heç bir şikayət qəbul olunmur.
F.Abdullayev qərarı elan edərkən bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu maraqlı tərəflərin iştirakı ilə Azərbaycan Konstitusiyasına daxil olan protokolda olan məlumatları ümumiləşdirərək yoxlayıb. Prezident seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasının protokolu Seçki Məcəlləsinin müddəalarına uyğun gəlir.
İlham Əliyev səslərin 92,12 faizini topladığı üçün Prezident elan edilib.
Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparıb.
Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlanıb.
Yekun nəticələrə əsasən, İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub.
Digər namizədlərin səs faizi aşağıdakı kimidir:
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc – 2,17 faiz (107 632 səs);
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa – 1,99 faiz (98 421 səs);
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev – 1,72 faiz (85 411 səs);
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev – 0,80 faiz (39 643 səs);
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev – 0,66 faiz (32 885 səs);
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev -0,54 faiz (26 517 səs).
Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI