“Müxalifət fobiyası ortadan qalxmalıdır” – Fazil Mustafa
Dünyanın bir çox ölkələrində seçki sonrası qazanan partiya və namizədlər hökumət quruculuğunda və dövlət idarəçiliyində digər namizəd və müxalif təmsilçilərlə əməkdaşlıq edir. Bu cür nümunələrə müxtəlif dövlətlərin idarəçilik quruluşlarında rast gəlmək olur. Belə əməkdaşlıqlar bir çox hallarda özünü koalisiya hökumətləri formasında göstərir. Bəs görəsən ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra bu cür addımlar gözlənilirmi?
“Turanın səsi ” xəbər verir ki , bu barədə danışan prezidentliyə namizəd, millət vəkili Fazil Mustafa bunun Azərbaycanda tətbiq olunmalı olduğunu deyib.
“Əlbəttə bu praktika Azərbaycanda da olmalıdır. Söhbət kiminsə hansısa vəzifəyə getməsində deyil. Bu ölkədə dialoqun, siyasi qüvvələr arasında münasibətlərin daha mədəni sferaya köçürülməsi baxımından vacibdir. Hesab edirəm ki, istər parlament, istərsə də icra hakimiyyəti müstəvisində bu addımların atılması yerində olar. Parlamentdə bu addımlar atıldı və müxtəlif siyasi partiyaların təmsilçiləri müxtəlif vəzifələrdə təmsil olundu. Bu müsbət haldır və biz bunu yüksək qiymətləndiririk. Azərbaycanda siyasi qütbləşmə ancaq fikir müstəvisində olmalıdır və faydalılıq prinsipi ilə yanaşmaq lazımdır”.
Fazil Mustafa bu addımın müxalifət fobiyasının aradan qaldırılmasında mühüm əhəmiyyət daşıyacağını qeyd edib.
“Əgər hansısa bir şəkildə müxalif qüvvənin faydası varsa və hər hansı bir işin görülməsində dövlətə kömək edə bilirlərsə bundan imtina etmək yanlış addımdır. Müxalifət fobiyası ortadan qalxmalıdır. Dövlət həyatında koalisiya, əməkdaşlıq demokratik dəyərlədir və bu dəyərlərdən istifadə etmək olduqca vacibdir. Bu seçkilərə də elə bunun bir fürsəti kimi baxıram. Mütləq bu istiqamətdə qalib qüvvə öz addımlarını atmalıdır. Daha çox əməkdaşlıq, insanların bir araya gəlib məsələləri müzakirə etməsi önəmlidir. Cəmiyyət siyasi qütbləşmənin fəsadlarını dəfələrlə öz həyatında hiss edib. Bu vətən, dövlət hamımızındır və onun siyasi həyatında hamımızın iştirak hüququ var”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI