Yair Lapid: “İsrail Avropanın əsas qaz tədarükçülərindən birinə çevrilə bilər”
İsrail Livanla dəniz sərhədinin demarkasiyasına dair sazişin bağlanması sayəsində indi Aralıq dənizində qaz hasilatını inkişaf etdirə, Avropanın əsas qaz tədarükçülərindən birinə çevrilə bilər.
“Turanın səsi” xəbər verir ki, bu fikri yəhudi dövlətinin Baş naziri Yair Lapid Livan-İsrail sazişinin bağlanmasında vasitəçilik edən ABŞ emissarı Amos Hokstin ilə görüşündə deyib.
Onun sözlərinə görə, tarixi razılaşma İsrailin təhlükəsizliyini və iqtisadiyyatını gücləndirəcək və regiona sabitlik gətirəcək.
“İsrail Kariş yatağından qaz hasil etməyə başlayıb və biz dünyanın böyük ehtiyac içində olduğu bir vaxtda Avropanın əsas təbii qaz tədarükçüsü olacağıq”.
Xatırladaq ki, İsrail və Livan arasında dəniz sərhədinin demarkasiyasına dair saziş imzalanıb. Livan və İsrail arasında 856 kvadratmetrlik şelf sahəsi ətrafında mübahisə mövcuddur. Mübahisəli ərazi Livanın Qana qaz yatağının İsrailin Kariş yatağı ilə qovşağında yerləşir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib.