“Seçkidə neçənci yeri tutmağımın mənim üçün əhəmiyyəti yoxdur” 

0

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı yanvarın 15-dən başlayan təbliğat-təşviqat kampaniyası davam edir. Bu müddət ərzində namizədlər ölkənin müxtəlif yerlərində seçicilərlə görüşlər keçirərək, onları öz platformaları ilə tanış edirlər. Proqnozlar isə seçkilərdə aşkar favoritin hazırki ölkə başçısı İlham Əliyev olduğunu göstərir. 

Bəs, digər namizədlərin bunun bağlı düşüncələri necədir?

Turanın səsi ” xəbər verir ki , mövzu ilə bağlı danışan prezidentliyə namizəd, BQP sədri, millət vəkili Fazil Mustafa seçkilərdə neçənci yeri tutmağın onun üçün o qədər də əhəmiyyətli olmadığını vurğulayıb. 

“Mən hansısa yer tutmaq uğrunda deyil, seçki prosesində öz fərqli mövqeyimi və Azərbaycanın gələcəyi ilə bağlı aydın, dəqiq bir platformaya sahib olduğumu cəmiyyətə çatdırıram. Bu cəmiyyətin qiymətləndirməsindən asılı olacaq. Çünki bizim hədəfimiz bütövlükdə Azərbaycan cəmiyyətinin yenilənməsidir. Cəmiyyətimizin ciddi şəkildə islahatlara ehtiyacı var. Bizim apardığımız mübarizə bu istiqamətə yönəlib. Hesab edirəm ki, Azərbaycanın mütərəqqi qüvvələri, düşüncə adamlarından bizim platformanı bəyənənlər adətən yenilikçi insanlardır. Bu dəstəklənmə qalib gəlməsək belə, insanların yenilikçiliyə nə dərəcədə istəkli olduğunu rəqəmlərlə göstərəcək. Bu baxımdan seçkilərdə neçənci yeri tutmağımın mənim üçün xüsusi əhəmiyyəti yoxdur. Mənim üçün önəmli olan fikirlərimizin hansı qəlblərdə oturmasıdır”. 

Fazil Mustafa təşviqat-təbliğatla bağlı aktivliyə də münasibət bildirib.

“Bu, Azərbaycan cəmiyyətində bütövlükdə insanların məsuliyyət duyğusu ilə bağlı məsələdir. Ölkənin gələcəyi ilə bağlı özünü məsuliyyətli hesab edən hər kəs bu seçkidə aktiv iştirak edəcək. Məsuliyyətsiz insan üçün seçki, vətən, dövlət kimi anlayışların mənası onsuz da yoxdur. Ona görə də biz bu məsələdə seçki aktivliyinin aşağı olmasını proqnozlaşdırırıq. Çünki laqeydlik cəmiyyətdə daha çoxdur. Ölkənin gələcəyi ilə bağlı insanların etinasızlığı kifayət qədərdir. Ümid edirəm ki, kampaniya davam etdikcə daha çox insan məsuliyyətini hiss edib seçkidə iştirak edərək, öz rəyini bildirəcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir