“Zəngəzur dəhlizi” ilə bağlı yeni variant: Situasiya dəyişir
Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını (MR) Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid mövqeləri ifadə edib.
O bildirib ki, ölkəsi malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvan MR-ə daşındığı zaman azad edilməsini gözləyir: “Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq”.
“Turanın səsi ” xəbərinə görə , Prezidentin köməkçisi Kalininqrad modelindən da danışıb:
“Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq ”.
Kalininqrad modeli nədir?
Həmin yol üçün Kalininqrad modelini hələ 2021-ci ildə beynəlxalq siyasət və hüquq üzrə israilli mütəxəssis Mixail Finkel təklif etmişdi. O, bildirmişdi ki, bu 40 kilomtrlik “arteriya” Azərbaycan üçün ən vacib məsələdir: «Şəxsən bu, mənə bir vaxtlar Rusiya Federasiyasında olan eyni problemi, Kalininqrad vilayətinin fəaliyyətinin təmin edilməsi məsələsini xatırladır. Bildiyiniz kimi, Kalininqradın Rusiya Federasiyası ilə birbaşa əlaqəsi yox idi. Buna görə də Rusiya Federasiyasının Kalininqrad vilayətinə çıxışı, rus maşınlarının sərbəst hərəkəti qanuni olaraq təmin edilib».
SSRİ-nin dağılandan sonra digər respublikalar kimi Litva da müstəqillik qazanıb və Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas hissəsi ilə əlaqəni itirmiş olub. Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Duma bu sazişi ratifikasiya etməmişdi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə ediləndən sonra həmin sazişi ratifikasiya elədi.
Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Amma Avropa İttifaqı ilə Rusiyanın 2002-ci ildəki birgə bəyanatında isə bildirilir ki, tranzit rejimi Litvanın lazım olan nəzarəti həyata keçirməsinə və öz ərazisinə giriş qadağasını tətbiq etməsinə suveren hüququnu məhdudlaşdırmayacaq.
Hazırda Rusiya Kalininqrada yüklərin və qazın transferinə görə Litvaya gömrük rüsumunu ödəyir.
Hələlik, Hikmət Hacıyevin bu dediklərinə, Ermənistan rəsmiləri münasibət bildirməyiblər.
Amma buna qədər onlar bildiriblər ki, Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək bu yol yalnız Ermənistanın suverenliyinin təmin edilməsi ilə gerçəkləşə bilər.
“Paşinyanın başlıca məqsədi…”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir oğlu Turana bildirib ki, Azərbaycan ən sərfəli marşrut üzrə Naxçıvanla etibarlı nəqliyyat əlaqəsinin qurulmasında maraqlıdır: «2020-ci il 10 noyabr tatixində imzalanmış birgə bəyanatın 9-cu bəndi həmin əlaqəsinin yaradılmasını nəzərdə tutur və məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaranıb».
Deputat qeyd edib ki, SSRİ vaxtında sözügedən dəmiryol xətti fəaliyyət göstərib və 1992-ci ilə qədər işlək vəziyyətdə olub: «Azərbaycan üçtərəfli bəyanatın imzalanandan sonra Zəngəzur dəhlizinin açılması üçün öz ərazisində infrastruktur quruculuğunu həyata keçirməyə başladı və artıq bu dəhlizin açılmasına hazırdır. Amma məsələnin geosiyasi tərəfləri var və Ermənistanın üzərində ciddi təsir imkanlara malik olan bəlli dövlətlərin iradəsidir ki, 3 il müddətində Ermənistan regionda kommunikasiyaların yaradılması istiqamətində heç bir addım atmayıb».
E.Mirbəşir oğlunun sözlərinə görə, başlanğıcda Ermənistan Zəngəzur dəhlizindən Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışdı: «Amma Azərbaycan yenə də çox müdrik tərpəndi və İranla İran ərazisindən keçməklə Naxçıvanla əlaqənin qurulması haqqında razılaşma imzaladı. Ermənistan gördü ki, bizim alternativimiz var və bu onun xoş olmayan manevr imkanlarını məhdudlaşdırdı. Sonra Nikol Paşinyan israrla səsləndirib ki, nəqliyyat əlaqələri ölkələrin birbaşa nəzarəti altında olmalıdır. Bununla da Paşinyanın başlıca məqsədi ərazisindən keçəcək xəttinə Rusiyanın nəzarət imkanların olmamasıdır».
Komitə üzvü bildirib ki, Azərbaycan üçün vacib olan onun milli maraqlarına uyğun bir variantın işlənib hazırlamasıdır: «Biz həmişə sübut etmişik ki, regionda əməkdaşlığın tərəfdarıyıq, bunun üçün də regionda dayanıqlı sülh və yüksək təhlükəsizlik mühiti olmalıdır». Kalininqrad modelinə gəlincə, deputatın fikrincə, hər hansı təcrübəni başqa bir coğrafiyada və fərqli reallıqlar çərçivəsində tətbiq edən zaman həmin faktorlar nəzərə alınacaq: «Azərbaycan özü üçün ən məqbul variantlar üzərində dayanacaq. Amma burada Ermənistan nə dərəcədə konstruktiv mövqe nümayiş etdirib-etdirməyəcək məsələsi var. Bunu da zaman göstərəcək».
Amma siyasi şərhçisi Zərdüşt Əlizadə isə açıqlamasında bildirib ki, bu yolun işləmə mexanizmi ilə bağlı bir neçə mövqe olub: «Könüllü və ya Rusiyanın təhriki ilə Azərbaycan tərəfi “Zəngəzur” yolunun Laçın dəhlizi statusunda olmasını istəyib. Ermənistan bunu istəmədi, onda biz Laçın yolunu öz sərəncamımıza götürdük və bildirdik ki, Ermənistan “Zəngəzur” yolunu da öz sərəncamına götürə bilər. Sonra Rusiya “Zəngəzur” yolunu öz nəzarətinə götürmək istədi, Ermənistan bunu istəmədi.”
Onun deməsinə görə, daha sonra Ermənistan ümumiyyətlə həmin yolunun bərpasından imtina etdi: “Buna cavab olaraq Azərbaycan İranla razılaşma əldə etdi. Ermənistan isə anladı ki, yenə də regional layihədən kənarda qala bilər və razılığını verdi, amma “Zəngəzur” yolunu yox, Ermənistandan keçən başqa yolu göstərdi».
“Bu hətta Rusiyanın xoşuna gəlməsə belə”
Z.Əlizadənin sözlərinə görə, Azərbaycan “Zəngəzur” yolunun nəzarətinə iddia etmir və sadəcə istəyir ki, Naxçıvana gedən yüklər nəzarətsiz keçsin: «Beynəlxalq təcrübədə belə bir nümunə var. Bu, Kalininqrad vilayəti ilə Rusiyanı əlaqələndirən dəhlizdir. Həmin dəhlizdən Rusiyadan gedən qatarlar Litva ərazisindən maneəsiz Kalininqrada keçir və onları nə gömrükçülər, nə də sərhədçilər yoxlayır. Bu rejim Ermənistandan keçən 42 kilometrdə də tətbiq edilə bilər».
Onun sözlərinə görə, Ermənistan mətbuatında bu variant müzakirə olunur və rəsmiləri bu barədə düşünür: «Əgər bu rejim tətbiq edilsə, Ermənistan yükləri və sərnişinləri də Azərbaycan ərazisinə keçə bilərlər. Beləliklə Ermənistanın Rusiya və digər dövlətlərlə arasında dəmiryolu rabitəsi açıla bilər. Bu, Ermənistanın iqtisadiyyatına xeyirdir. Eyni zamanda bu həm Azərbaycan, həm Ermənistan, həm Türkiyə üçün xeyirdir».
Politiloq hesab edir ki, Kalininqrad variantı qəbul olunarsa, Rusiya həmin yola nəzarət edə bilməz: «Amma bu hətta Rusiyanın xoşuna gəlməsə belə, buna mane ola bilməz. Rusiya son illərdə çox zəifləyib və Ermənistana ciddi təzyiq göstərə bilməz».
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI