Milli Məclisin sədr müavini Adil Əliyev: “Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müttəfiqliyə doğru inkişaf edir”
Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı həmin ölkənin baş naziri İrakli Qaribaşvili iki xalq arasındakı münasibətləri xarakterizə etmək üçün Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevdən sitat gətirmişdir. Ümummilli Lider vaxtilə Tbilisiyə səfəri zamanı bildirmişdir ki, Azərbaycan və Gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bu sözlər həm tarixən, həm də hal-hazırda ölkələrimiz arasında münasibətlərin dəyərini başa düşmək baxımından qiymətlidir.
Bizim yerləşdiyimiz bölgə dünyanın geosiyasi və digər cəhətlərdən ən mürəkkəb və həssas regionlarından biridir. Belə həssas regionda mehriban qonşuluq münasibətləri son dərəcə mühümdür. Demək olar ki, regionumuzda Azərbaycan və Gürcüstan qədər mehriban və etibarlı münasibətlərə malik qonşu dövlətlərin olması nadir hal sayıla bilər. Bu münasibətlərin kökündə xalqlarımız arasında tarixən hökm sürən dostluq və qarşılıqlı etimad durur. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Prezident İlham Əliyev eləcə də Gürcüstan rəhbərləri də bu münasibətlərin qorunub saxlanmasına və müasir dövrün şəraitinə uyğun olaraq daha da inkişaf etdirilməsinə böyük töhfələr veriblər.
Məhz buna görə də Azərbaycan və Gürcüstan uzun müddətdir ki, uğurlu və davamlı strateji tərəfdaşlıq qurmağa nail olublar.
Oktyabrın 24-də Gürcüstana səfəri zamanı Prezident İlham Əliyev bəyan etdi ki, “bu gün strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıbdır”. Strateji tərəfdaşlığımızın əsasında təkcə xalqlarımızın tarixi dostluq ənənələri deyil, həm də müasir müstəqilliyimiz dövründə yaranmış şəraitə və çağırışlara ümumi baxışımız, müştərək maraqlarımız və ortaq layihələrimiz durmuşdur. Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi qaz kəmərləri layihəsinin uğurlu olmasında Azərbaycan-Gürcüstan tərəfdaşlığının mühüm rolu olmuşdur. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində ölkələrimizin əməkdaşlığı vacib əhəmiyyət kəsb edir. Gürcüstan Azərbaycanın aparıcı rol oynadığı Orta Dəhliz adlanan beynəlxalq nəqliyyat dəhlizinin inkişafında vacib tərəfdaşdır.
Azərbaycan və Gürcüstan əldə edilmiş nailiyyətlərlə kifayətlənmir, ölkələrimizin rifahına və iqtisadi tərəqqisinə xidmət edəcək yeni perspektiv istiqamətlər üzrə birgə hərəkət etmək əzmindədirlər. Bu baxımdan Azərbaycanda istehsal olunun elektrik enerjisinin Gürcüstan üzərindən Qara Dəniz vasitəsi ilə Avropaya ixracı mövzusu artıq gündəmdədir.
Qeyd edilən faktlar göstərir ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı iki dövlət arasında müttəfiqliyə doğru inkişaf etməkdədir. Bu ölkələrimizin milli maraqlarından doğur. Gürcüstan Qara Dənizə, Türkiyə və Avropaya çıxmaq baxımından Azərbaycan üçün açar ölkə hesab olunur. Azərbaycan isə Gürcüstan üçün enerji təhlükəsizliyinin təminatı baxımından açar ölkədir. Bu faktor dövlətlərimiz arasında qarşılıqlı etimadı praqmatik surətdə şərtləndirir.
Bununla yanaşı, tarixi münasibətlərin də özünəməxsus əhəmiyyəti var. Xüsusilə də, tarixən Qarabağ xanlığı ilə gürcü çarları arasında yaxşı münasibətlər olmuş, hətta bu münasibətlər müəyyən dövrlərdə müttəfiqliyə qədər yüksəlmişdir. Şuşa və Tbilisi arasında çox yaxın mədəni, siyasi, ticari və hərbi əlaqələr qurulmuşdur. Daha sonra isə Tbilisi Rusiya İmperiyasının Qafqaz canişinliyinin mərkəzinə çevrilmişdir. Bu səbəbdən Gürcüstan və xüsusən də Tbilisi arxivləri Qarabağla, həmçinin Şuşa və İrəvanla bağlı tarixi həqiqətləri fakt və sənədlərlə sübut etmək və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün çox faydalıdır və unikal rola malikdirlər.
Yeri gəlmişkən, Prezident İlham Əliyev və Baş Nazir İrakli Qaribaşvili oktyabrın 24-də Gürcüstanın Mçxeta rayonunda Muxrani Sarayında təşkil edilmiş “Qarabağ xanlığının irsi” adlı sərgi ilə də tanış olublar.