Məcburi köçkünlərə hüquqi yardım göstərilib

0

Tədbirlər25 Oktyabr, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birgə Bakının Qaradağ rayonundakı “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlər üçün pulsuz hüquqi yardım aksiyası təşkil edib.

Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi qeyd olunub. Bildirilib ki, onların mənzil-məişət şəraitinin və maddi vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində məqsədyönlü ardıcıl iş aparılır. Bu kateqoriyadan olan şəxslərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva xüsusi diqqət və qayğı yetirir.

Tədbirdə  Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov, Hüquq və kadrlar şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən hüquq sektorunun müdiri Mirhüseyin Hüseynov, Bakı şəhər 33 saylı Vəkil Bürosunun rəhbəri Elxan Süleymanlı və “Mirzəyev və portnyorları” Vəkil Bürosunun rəhbəri Səyyad Mirzəyev çıxış edərək, ölkəmizdə məcburi köçkünlərin dövlət tərəfindən hüquq və mənafelərinin qorunması, onların sosial müdafiəsinin təmin olunması, Böyük Qayıdışa hazırlanması, bu zaman qarşıya çıxan hüquqi məsələlərin həlli və s. barədə fikirlərini bildiriblər. 

Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə hazırda ölkəmizdə hüquqi islahatların aparıldığı, bu islahatların insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaradıldığı, məhkəmə-hüquq sistemində şəffaflığın daha da genişləndirildiyi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə vətəndaşlara göstərilən hüquqi xidmətlərdə ciddi keyfiyyət dəyişikliyi yaradıldığı qeyd edilib.

Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, qanuni mənafelərinin təmin edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlarla iş sahəsində apardığı siyasətin vacib elementidir. Dövlət Komitəsi ilə Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında imzalanmış memoranduma əsasən,  bu qurumun mənsubları məcburi köçkünlərin hüquqi maarifləndirilməsinə və ödənişsiz hüquqi yardım almasına  töhfə verirlər.

Tədbirdə iştirak edən məcburi köçkünlərə vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı, məcburi köçkünlərin imtiyazları, sahibkarlıq məsələləri və s. barədə ətraflı məlumat verilib.

Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 40 nəfərə yaxın məcburi köçkünə pulsuz hüquqi yardım göstərilib, müraciətləri dinlənilərək aidiyyəti qurumlara sorğularının ünvanlanacağına dair məlumat verilib.

Qeyd edək ki, məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilməsi respublikamızın digər ərazilərində də təşkil olunacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir