Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı növbəti dinləmə keçirilib
Dekabrın 6-da Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Tədbirdə Milli Məclisin deputatları, Prezident Administrasiyasının əməkdaşları, Qərbi Azərbaycan İcmasının üzvləri, dövlət orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri və ekspertlər iştirak ediblər.
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iştirakçıları salamlayaraq bugünkü tədbirin parlamentin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə Qərbi Azərbaycana qayıdışla bağlı Milli Məclisdə təşkil edilən ictimai dinləmələrin davamı olduğunu bildirib.
Adil Əliyev cənab Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirləri zamanı qazandığı qələbələrin ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etməklə yanaşı, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün yaratdığı imkanlardan danışıb.
Müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycan mövzusuna, Ermənistandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının tanınmasına necə həssas yanaşmasından söz açan vitse-spiker qeyd edib ki, 1997-ci ildə Ulu Öndər soydaşlarımızın Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiya edilməsinə siyasi-hüquqi qiymətin verilməsi haqqında fərman imzalayıb.
Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpasının, Qərbi Azərbaycana qayıdış məsələsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayan Adil Əliyev bu istiqamətdə gənclərin rolundan danışıb, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın hüquqlarının bərpası, onların dinc şəkildə öz tarixi torpaqlarına qayıtması işində gəclərin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüb.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının (QAİ-nin) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov qeyd edib ki, Qərbi Azərbaycana qayıdışla bağlı bundan əvvəl Milli Məclisdə 4 dəfə geniş ictimai dinləmə keçirilib. O, icmanın yaradılması tarixindən söz açaraq Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında söylədiyi nitqi ilə Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının bərpasında yeni bir mərhələyə – Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi mərhələsinə start verildiyini bildirib.
Əziz Ələkbərov Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından danışaraq icmanın Qərbi Azərbaycan ərazisində tarixi abidələrimizin, mədəni irsimizin tanıdılması, təbliğ olunması, qərbi azərbaycanlıların qayıdış tələbinin beynəlxalq müstəviyə çıxarılması ilə bağlı gördüyü işlər barədə məlumat verib, bu prosesdə bütün azərbaycanlıların, o cümlədən gənclərimizin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Qərbi Azərbaycan İcmasının hazırladığı 7 sənədin BMT-nin rəsmi sənədi kimi yayıldığını diqqətə çatdıran icma sədri bildirib ki, əsas məqsəd qərbi azərbaycanlıların öz ata-baba yurdlarına dinc yolla və ləyaqətli şəkildə qayıdışının təmin olunmasıdır.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva bildirib ki, gənclər bütün dünyada aparıcı qüvvədir və buna görə onların hansı ideyanı, fikri dəstəkləməsindən çox şey asılıdır. Gənclər siyasətində Qərbi Azərbaycan torpaqlarına qayıdışın geniş şəkildə təbliğ olunması ilə bağlı fikirlərini bölüşən nazir müavini bu istiqamətdə təmsil etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən danışıb.
Dinləmədə Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov (QAİ-nin Ağsaqqallar Şurasının sədri), Musa Quliyev (QAİ-nin Nəzarət-Təftiş Komissiyasının üzvü), Gənclər və idman komitəsi sədrinin müavini Şahin İsmayılov, deputatlar Hikmət Məmmədov (QAİ-nin İdarə Heyətinin sədr müavini), Kamal Cəfərov (QAİ-nin Gənclər Birliyinin sədr müavini), Ramil Həsən (QAİ-nin İdarə Heyətinin sədr müavini), Etibar Əliyev (QAİ-nin Ziyalılar Şurasının üzvü), Sevinc Hüseynova, Cəbi Quliyev, Elnur Allahverdiyev, Vüqar İskəndərov və Müşfiq Cəfərov, Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, QAİ-nin Gənclər Birliyinin üzvü Zaur Məmmədov, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, QAİ-nin Nəzarət-Təftiş Komissiyasının üzvü Cəlal Allahverdiyev, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, QAİ-nin İdarə Heyətinin üzvü Zahid Cəfərov, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğam Əliyev çıxış ediblər. Çıxış edənlər azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması ilə bağlı həqiqətlərin, orada qalan mədəni irsimizin, tariximizin öyrənilməsi işində və Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması və digər məsələlər barədə fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.
Onlar əminliklə qeyd ediblər ki, dövlət başçısının rəhbərliyi ilə qərbi azərbaycanlıların hüquqları tezliklə bərpa ediləcək və onlar dinc şəkildə öz tarixi torpaqlarına qayıdacaqlar. Soydaşlarımızın Qərbi Azərbaycanda təhlükəsiz şəkildə yaşaması ilə tarixi ədalət bərpa ediləcək, beynəlxalq hüquq bərqərar olunacaq.
Dinləmədə Milli Məclisin deputatları Səbinə Xasayeva, Cavid Osmanov, Ülvi Quliyev, Könül Nurullayeva, Prezident Administrasiyasının sektor müdiri Rəvan Səmədov, Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI