Vitse-spiker Adil Əliyev Qazax rayonunda şəhidlərimizin anım tədbirində iştirak edib
Milli Məclisin sədr müavini Adil Əliyev oktyabrın 23-də Qazax rayonunda şəhidlərin qırx mərasimində iştirak edib və şəhid ailələri ilə görüşüb.
Bu il sentyabrın 12-də və 13-də Ermənistan tərəfindən törədilmiş növbəti təxribat zamanı şəhid olan Qazax rayonunun Kəmərli kəndindən olan şəhidlər Yunis Kazımov və Azər Məmmədovun, eləcə də rayonun Daşsalahlı kəndindən şəhid Azad Kərimovun qırx mərasimində vitse-spiker Adil Əliyev çıxış edib.
O, şəhidlərimizin qanının yerdə qalmadığını, dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatları zamanı Ordumuzun düşmənə döyüş meydanında ağır zərbələr vurduğunu qeyd edib. Sədr müavini bildirib ki, ölkəmiz ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistan bu tarixi məğlubiyyətini qəbul etməyərək, təxribatlara davam edir. Lakin düşmənin törətdiyi istənilən təxribatın qarşısı bundan sonra da rəşadətli Ordumuz tərəfindən uğurla alınacaq, heç bir halda düşmənə fürsət verilməyəcəkdir.
Adil Əliyev şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə səbr, qazilərimizə isə şəfa diləyib. Vitse-spiker xalqımızın dövlət başçısının ətrafındakı birliyinin daimi olduğunu qeyd edərək, diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin dediyi kimi, “Düşmən unutmasın ki, dəmir yumruq yerindədir”.