Milli Məclisin sədr müavini növbəti dəfə vətəndaş qəbulu keçirib
Noyabrın 1-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində seçicilərinin, habelə ərazi məhdudiyyəti olmadan şəhid ailələrinin və qazilərin növbəti qəbulunu keçirib.
“Turanın səsi ” xəbər verir ki , Bakının Nərimanov rayonunda yerləşən deputat ofisində keçirilən qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məsələlər müzakirə edilərək bir qismi Adil Əliyev tərəfindən yerindəcə həll edilib. 61 nəfər vətəndaşın iştirak etdiyi qəbul zamanı onların qaldırdıqları müxtəlif məzmunlu sosial, məişət şəraitinin yaxşılaşdırılması, kommunal problemlərin aradan qaldırılması ilə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti qurumlara sorğular hazırlanması ilə bağlı göstərişlər verilib. Həmçinin vətəndaşların mövcud qanunvericiliklə bağlı sualları cavablandırılıb, onları narahat edən məsələlərin hüquqi müstəvidə həlli istiqamətləri izah olunub, aidiyyəti müraciətlər hazırlanıb.
Görüşdə vitse-spiker Adil Əliyev qarşıdan gələn Zəfər Günü münasibətilə vətəndaşlara təbriklərini çatdırıb. O, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olmuş vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşıldığını, müraciətlərin tam, hərtərəfli araşdırılaraq, onların həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun şəkildə addımlar atıldığını diqqətə çatdırıb.