İraq parlamentinin deputatları Şuşa şəhərində olublar
Ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin rəhbərlik etdiyi İraq parlamentinin nümayəndə heyəti oktyabrın 29-da Şuşa şəhərinə səfər edib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Nümayəndə heyətini Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
Əvvəlcə qonaqlar Füzuli rayonuna gəliblər. Füzuli rayonunda qonaqlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar, işğal dövründə ermənilər tərəfindən törədilmiş dağıntılara baxış keçiriblər. Nümayəndə heyətinə işğaldan azad edildikdən sonra rayonda Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləri, həyata keçirilən layihələr barədə məlumat verilib.
Sonra Şuşaya gələn qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Yuxarı Gövhərağa məscidi və digər abidələrlə tanış olublar, Cıdır düzünə qalxıblar. Milli Məclisin deputatı İlham Məmmədov qonaqlara Cıdır düzü barədə məlumat verib. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər.
Sonra qonaqlar Şuşanın Qala divarlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.
Bununla da İraq parlamentinin Nümayəndələr Şurasının üzvlərinin Şuşaya səfəri başa çatıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI