Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri ilə görüşüb

0

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Dövlət başçılarının siyasi iradəsi və qətiyyəti sayəsində bu əlaqələrin özünün ən yüksək zirvəsinə çatdığı, Şuşa Bəyannaməsinin iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi üzrə yeni hədəfləri müəyyən etdiyi vurğulanıb. Bu çərçivədə dövlət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunulub. 

Azərbaycan və Türkiyənin ortaq tarixi, mədəniyyəti, dəyərləri ilə bağlı fikirlərini bildirən Milli Məclisin sədri qardaş xalqlarımızı birləşdirən ən mühüm dəyərlərdən biri kimi ailə dəyərlərinin əhəmiyyətini, cəmiyyətlərimizdə ailə institutuna, qadınların roluna göstərilən münasibəti qeyd edib, müasir qloballaşma şəraitində bu dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. Sahibə Qafarova Azərbaycan və Türkiyənin müvafiq dövlət qurumlarının ailə və uşaqlara qayğı, qadınların cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi, ailə dəyərlərimizin beynəlxalq səviyyədə təbliği istiqamətində qarşılıqlı fəaliyyətinin və təcrübə mübadiləsinin əhəmiyyətini ifadə edib. O, hər iki parlamentin müvafiq komitələri arasında əməkdaşlığın bu sahədə işbirliyinə töhfə verə biləcəyini diqqətə çatdırıb.

Görüşdə qardaş ölkə parlamentləri arasında əlaqələrə toxunularaq, geniş və uğurlu əlaqələrin mövcud olduğu, ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əsasda və beynəlxalq parlament təşkilatları çərçivəsində geniş və uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. 

Milli Məclisin sədri “Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından əhəmiyyətini qeyd edib. 

Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qardaş Azərbaycanda olmaqdan məmnunluğunu, ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini, xoş gündə də, çətin gündə də bir yerdə olduğumuzu diqqətə çatdırıb. Mahinur Özdemir Göktaş Azərbaycana səfəri, ölkəmizdə keçirdiyi görüşlər barədə məlumat verib. Nazir, həmçinin, rəhbərlik etdiyi qurumla Azərbaycanın müvafiq dövlət orqanları arasında əməkdaşlıqdan da danışıb.

Görüşdə həmçinin, Milli Məclisin komitə sədri Hicran Hüseynova, deputatlar – Əminə Ağazadə və Könül Nurullayeva, parlament Aparatının rəhbəri Fərid Hacıyev, Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanları Komissiyasının sədri, millət vəkili Çiğdem Erdoğan Atabek, həmin komissiyanın üzvləri, millət vəkilləri – Aliye Timisi Ersever, Ruken Kilerci, Türkiyənin Azərbaycan Respublikasındakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir