İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Aviasiya haqqında” yeni qanun layihəsi müzakirə edilib

0

Oktyabrın 18-də Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

İclası komitə sədrinin müavini Əli Məsimli açaraq bildirib ki, bu gün Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 32 il keçir. O, vurğulayıb ki, artıq üçüncü ildir müstəqilliyimizi qalib dövlət, qalib xalq kimi qeyd edirik. Əli Məsimli diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin oktyabrın 15-də üçrəngli bayrağımızı separatçılardan təmizlənən Xankəndidə dalğalandırması hər birimizin qəlbini bir daha qürur hissi ilə doldurdu. O, Müstəqilliyin Bərpası Günü münasibətilə iclas iştirakçılarını təbrik edib, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Sonra komitə sədrinin müavini gündəliyə 9 məsələ daxil edildiyini diqqətə çatdırıb. Bildirib ki, ilk dörd məsələ birinci oxunuşda olan qanun layihələridir. Birinci məsələ olan “Aviasiya haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsi ilə bağlı komitə sədrinin müavini bildirib ki, aviasiya sahəsi spesifikliyinə, transmilli xarakterinə görə fərqlənir. Bu sahənin tənzimlənməsində beynəlxalq sənədlərin və hüquq normalarının nəzərə alınmasının əhəmiyyətini qeyd edən Əli Məsimli sənəddə müasir innovasiyaların da nəzərə alındığını vurğulayıb.

Sonra Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov qanun layihəsinin hazırlanmasında istifadə olunan beynəlxalq təcrübə və tətbiq edilən yeniliklər barədə məlumat verib. O, sənəddə ilk növbədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standartlarının və tövsiyələrinin nəzərə alındığını vurğulayıb və bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda aviasiya sahəsində olan norma və tələblərin ən yüksək beynəlxalq standartlara çatdırılmasıdır.

Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini Nazim Ziyadov qanun layihəsinin geniş təqdimatını edib. O, qanun layihəsindəki yeniliklərdən söz açaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) beynəlxalq standartları və tövsiyə olunan təcrübəsi nəzərə alınmaqla, bir sıra yeni müddəaların və tənzimləmə mexanizmlərinin təsbit edilməsindən danışıb. Qanunun tətbiq dairəsinin konkretləşdirilməsindən bəhs edən Dövlət Mülki Aviasiya Agentliyinin direktor müavini sənəddə aviasiya sahəsində dövlətin məqsəd və vəzifələrinə yeni müddəaların artırıldığını və sadələşdirildiyini qeyd edib. O, sənəddə təklif olunan aviasiya qəzalarının və insidentlərinin araşdırılmasının təkmilləşdirilməsinə, mülki pilotsuz uçuş aparatlarının istismarına dair tələblər və digər məsələlərlə bağlı məlumat verib. 

Əli Məsimli gündəliyin 2-4-cü məsələlərini müzakirəyə təqdim edərkən bildirib ki,  birinci oxunuşda müzakirəyə çıxarılan bu qanun layihələri eyni mahiyyət daşıyır və sənədlər haqqında məlumat vermək üçün Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətova söz verib.

Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Dəniz limanları haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı nazir müavini qısaca qeyd edib ki, bu paket dəniz nəqliyyatı sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, yeni anlayışların müəyyən edilməsi, bir sıra gəmi sənədlərinin dəqiqləşdirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyətinin əhatə dairəsinin müəyyən edilməsi məqsədi ilə hazırlanıb.

Layihələr barədə təqdimatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri Elmin Məmmədov edib. O, bildirib ki, Ticarət Gəmiçiliyi Məcəlləsinə edilən dəyişikliklərdə dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dövlət nəzarətinin təmin edilməsi, gəmilərin dayanması, onlara xidmət göstərilməsi kimi qaydalar təsbit olunub. Bundan əlavə, məcəlləyə bir sıra gəmi sənədlərinin adlarının, tənzimləyici qurumun səlahiyyətlərinin, gəmi heyətinin ixtisaslarına olan tələblərin dəqiqləşdirilməsi, gəmi sahibinin vəzifələrinə əlavələrin edilməsi kimi dəyişikliklər təklif olunub.

“Dəniz limanları haqqında” Qanuna dair dəyişikliklərdə dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı xidmətlərin anlayışı dəqiqləşdirilib, dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı müvafiq xidmətlərə görə tarif müəyyən edilməsi təklif edilib.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra gəmi sənədlərinin adlarının dəqiqləşdirilməsi ilə yanaşı, iki yeni sənədin verilməsinə görə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulub.

Birinci oxunuşda olan qanun layihələrinin müzakirəsində komitə üzvləri Vahid Əhmədov, Mahir Abbaszadə, Rüfət Quliyev və  Vüqar Bayramov çıxış ediblər. Deputatlar aviasiyada və dəniz üzgüçülüyündə təhlükəsizliyin və dövlət nəzarətinin təmin edilməsinin əhəmiyyətini qeyd ediblər, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin və texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıblar. Deputatlar xidmətlərin, xüsusən aviasiyada göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi, idarəetmənin optimallaşdırılması, qiymətlərin tənzimlənməsi və digər məsələlərlə bağlı qeydlərini bildiriblər, rəylərini səsləndiriblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, fikirlərinə münasibət bildirib.

Deputatlar birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələrini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər. 

Sonra iclasda ikinci oxunuşda olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanunun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə, üçüncü oxunuşda olan “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə iki qanun layihəsinə, həmçinin “Poçt haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə və “Lisenziyalar və icazələr haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb. Bu dörd qanun layihəsi də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Aydın Hüseynov,  Anar Məmmədov, Məşhur Məmmədov, İqbal Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir