UNESCO İcraiyyə şurasının 215 – ci sessiyasında tarixi qərar qəbul edilib

0

Mədəniyyətlərarası dialoqun beynəlxalq miqyasda təşviqi istiqamətində ölkəmiz tərəfindən görülən davamlı işlər nəticəsində növbəti uğura imza atılıb.

Parisdə keçirilmiş UNESCO İcraiyyə Şurasının 215-ci sessiyası çərçivəsində 2022-ci il 19 oktyabr tarixində Azərbaycanın təqdim etdiyi “Bakı Prosesi: Dayanıqlı Sülh və İnkişaf naminə Mədəniyyətlərarası Dialoqun və Sosial İnklüzivliyin Təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilib.

Bu vacib sənəddə “Bakı Prosesi”nin UNESCO-nun mədəniyyətlərarası dialoq sahəsində əsas proqramlarının məqsədlərinə verdiyi töhfə tanınır, 2008-ci ildən etibarən “Bakı Prosesi” çərçivəsində irəli sürülmüş təşəbbüs və əldə edilmiş nailiyyətlərə istinad edilir, habelə dözümlülük, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə “Bakı Prosesi”ni dəstəkləməklə bağlı UNESCO Katibliyi, təşkilatın üzv ölkələri və əlaqədar tərəfdaşlara müraciət olunur.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş “Bakı Prosesi” çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun ən fəal təbliğatçılarından birinə çevrilib.

2010-cu ildən etibarən “Bakı Prosesi” regional təşəbbüsdən qlobal platformaya çevrilməyə başlayıb. Belə ki, 2011-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO),  eləcə də digər beynəlxalq təsisatlarla sıx tərəfdaşlıqda iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (ÜMDF) mədəniyyətlərarası və dinlərarası dialoqun, multikulturalizmin möhkəmləndirilməsi, ölkələr və regionlar arasında dinc birgə yaşayışın təşviq edilməsi, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə kimi mühüm mövzular üzrə önəmli qlobal platforma statusu qazanıb. 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə ölkəmizin paytaxtı beş dəfə sözügedən Foruma ev sahibliyi edib.

Vurğulamaq lazımdır ki, BMT Baş katibi tərəfindən  2015, 2017 və 2019-cu illərdə qurumun Baş Assambleyasına təqdim edilmiş məruzələrdə “Bakı Prosesi” xüsusi qeyd olunmuş, Azərbaycanda keçirilən ÜMDF mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan edilib.

Əminliklə qeyd etmək olar ki, İcraiyyə Şurasının qəbul etdiyi bu qətnamə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla, sülh, dözümlülük, dialoq və dayanıqlı inkişaf kimi ümumbəşəri ideyaların təbliğində öncül rolunu yenidən vurğulayıb və Azərbaycanın bu vacib təşəbbüsünün qlobal əhəmiyyətinin bir daha tanıdılması baxımından əlamətdardır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir