DEPUTAT: “Fransa işğalçıya havadarlıq edir”
Son 2 həftədə Cənubi Qafqazda, hərbi müstəvidə sabitlik hökm sürür. Ermənistanın “böyük bacı”sı Fransa da daxil olmaqla bir sıra dövlətlər isə ölkəmizin yenilməz gücü hesabına əldə edilmiş bu sabitliyi həzm edə bilmir və pozmaq üçün müxtəlif cəhdlər edirlər.
Açıq-aydın ortadadır ki, Fransa canfəşanlıq etməklə bölgədə hərbi qarşıdurma və gərginlik yaratmaq istəyir. Məqsədi isə Cənubi Qafqazda özünə yer tutmaqdır. Lakin rəsmi Paris unudur ki, qanunsuz xunta rejiminin ərazilərimizdə fəaliyyətinə cəmi 23 saatlıq antiterror tədbirləri nəticəsində son verən Azərbaycana qarşı hansısa riyakar davranışlar sərgiləmək heç bir nəticə verməyəcək.
Bu barədə “Turanın səsi ” nə Milli Məclisin deputatı Arzu Nağıyev açıqlamasında deyib ki, Fransanın ölkəmizə qarşı sərgilədiyi riyakar davranışlarında təəccüblü heç nə yoxdur. Çünki bu ölkə özünü daim havadar qismində göstərməyə çalışıb. Bu, antiterror tədbirlərindən öncə də belə idi, 44 günlük müharibə başa çatdıqdan dərhal sonra əraziyə Avropadan jandarmların gətirilməsi, vizual kəşfiyyatçıların sərhədboyu yerləşdirilməsi də Fransanın ideyası idi.
“Bundan başqa, fransızlar BMT-də Azərbaycanla bağlı bir qətnamənin çıxarılması təklifi ilə də çıxış etmişdilər. Lakin bu da fiaskoya uğradı. Əslində elə əvvəlcədən bilirdilər ki, bu, baş tutan məsələ deyil. Çünki nə Rusiya, nə Çin, nə də digər dövlətlər belə bir təklifi dəstəkləməzdilər. Lakin buna baxmayaraq, Fransa bu riyakar addımı atmaqdan çəkinmədi”, – deyə deputat qeyd edib.
Arzu Nağıyev vurğulayıb ki, hazırda Fransadan Ermənistana müxtəlif silah-sursatın verilməsi məsələsi gündəmdədir: “Bu da bir daha sübut edir ki, Fransa birmənalı olaraq ermənilərin havadarı rolunu oynayır. Bu ölkə özünün Afrikada apardığı müstəmləkə siyasətini Ermənistan vasitəsilə Cənubi Qafqazda da həyata keçirməyə çalışır. Ermənilər də gözəl başa düşürlər ki, ölkələrindən min kilometrlərlə uzaqda olan Fransa heç də onların problemini həll etməkdə maraqlı deyil. Fransızlar sadəcə olaraq öz siyasi ambisiyalarını həyata keçirirlər. Misal üçün, hər hansısa seçkilərdə qalib gəlmək istəyən fransız diplomatlar bunu məhz erməni lobbisi vasitəsilə reallaşdıra biləcəklərini yaxşı bilirlər”.
Deputatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur işğal altında olduğu vaxtlarda Fransanın bir sıra şirkətləri həmin ərazilərdə qanunsuz fəaliyyət göstərməklə ciddi gəlir əldə edirdilər: “Bu gün həmin fürsət əllərindən çıxıb. İndi fransızlar regiona qayıdaraq bunu Ermənistan vasitəsilə yenidən həyata keçirmək istəyirlər. Bu məqsədlə də Ermənistandakı revanşistləri həvəsləndirirlər.
Arzu Nağıyevin fikrincə, Ermənistan vətəndaşları Fransanın öz məkrli maraqlarını təmin etməyə çalışdığını yaxşı başa düşürlər. Deputat əlavə edib ki, fərqli dövlətlərin məsələ ilə bağlı mövqeləri Azərbaycan tərəfindən də ciddi izlənilir. Azərbaycanın iştirakı olmadan keçirilən Qranada görüşündə Fransa çalışır ki, guya onun vasitəçiliyi ilə hansısa danışıqlar aparılsın. Amma bu qətiyyən mümkün deyil. Çünki Azərbaycan birmənalı şəkildə öz xarici siyasətini milli maraqlarımıza uyğun şəkildə qurur.
“TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI