İnam Kərimov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşüb
Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Fransanın Strasburq şəhərində işgüzar səfərdə olub.
“Turanın səsi ” xəbər verir ki, səfər çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Siofra O’Liri ilə ikitərəfli görüş keçirilib.
Ali Məhkəmənin sədri Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliyinin artırılması istiqamətində görülmüş işlər barəsində məlumat verib. Bildirilib ki, Azərbaycan Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrin, həmçinin Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir.
Qeyd edilib ki, Azərbaycan bu il 16 saylı Protokolu ratifikasiya edib və cari ilin noyabrın 1-dən qüvvəyə minəcək. Bu Protokol məhkəmələrimiz arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinə imkan verəcək.
Görüşdə Azərbaycan və Avropa Məhkəməsi arasında əməkdaşlıq yüksək qiymətləndirilərək, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin zəruriliyi vurğulanıb. Həmçinin Avropa Məhkəməsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə toxunulub, gələcəkdə birgə seminar və konfransların keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışılıb.
İ.Kərimov eyni zamanda Avropa Şurasına üzv dövlətlərin Ali Məhkəmə sədrlərinin iştirakı ilə keçirilən “16 saylı Protokol əsasında məsləhətçi rəy mexanizmi vasitəsilə məhkəmə dialoqu” adlı seminarda iştirak edib. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 16 saylı Protokolunun qüvvəyə minməsinin 5 illiyi münasibətilə keçirilən tədbirdə məsləhətçi rəy mexanizminin fəaliyyət istiqamətinin öyrənilməsi, müvafiq təlimatların hazırlanması və bu sahədə görüləcək tədbirlər ətrafında məruzələr dinlənilib.
Ali Məhkəmənin sədri seminar çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıb.