Milli Məclisdə “Heydər Əliyev – 100:Müasir Azərbaycan-sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfrans keçirilib

0

Oktyabrın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Heydər Əliyev – 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransa Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev moderatorluq edib. Tədbiri açan  Musa Quliyev giriş nitqi ilə çıxış edib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Konfrans iştirakçılarını salamlayan və konfransın işinə uğurlar diləyən komitə sədri qeyd edib ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub və bu çərçivədə ölkəmizin hər yerində, eləcə də respublikamızın hüdudlarından kənarda Ulu Öndərin xatirəsinə həsr edilmiş bir çox tədbirlər keçirilir. Qədirbilən xalqımız Azərbaycanın dahi oğlunun xatirəsini əziz tutur, onun Vətənimiz və millətimiz qarşısında çoxşaxəli tarixi xidmətlərini minnətdarlıq hissi ilə xatırlayır.

Musa Quliyev qeyd edib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə hazırlanmış tədbirlər planına uyğun olaraq, parlamentin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xüsusi iclası çağırılmış və digər bir sıra tədbirlər təşkil olunmuşdur. Bugünkü konfrans da həmin silsilə tədbirlərin davamı olaraq keçirilir. 

Çıxışında Musa Quliyev müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı, tərəqqisi, doğma xalqının xoşbəxtliyi və firavanlığı uğrunda mübarizəsinə həsr edilmiş həyat yoluna nəzər salıb. O, Ulu Öndərin 1969-cu ildə Azərbaycana ilk dəfə rəhbərliyi dövründə Azərbaycanın SSRİ-nin qabaqcıl respublikalardan birinə çevrilməsindən söz açıb, 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin öz xalqının xoşbəxtliyi, öz Vətəninin azadlığı və qüdrətlənməsi uğrunda apardığı mübarizəsindən danışıb. 

O, Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipini “dövlət xalq üçündür” ideyası təşkil etdiyini vurğulayaraq,  Ümummilli Liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyətinin bariz şəkildə öz təsdiqini tapdığını diqqətə çatdırıb. Musa Quliyev bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsindən, Azərbaycanın sosial dövlətə çevrilməsindən bəhs edib, Azərbaycan insanının sosial müdafiəsi və sosial rifahı siyasətinin uğurlarından və nailiyyətlərindən danışıb, Azərbaycanda sosial siyasətin və geniş spektrli sosial dəstək proqramlarının həyata keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini vurğulayıb. 

Sonra konfransda mövzu ilə bağlı təqdimatlar keçirilib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycanın uğurlu sosial dövlət modeli Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda məruzə ilə çıxış edib.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin ən böyük nəticəsinin xalqımıza bəxş etdiyi milli dövlət, daim tərəqqi edən müasir müstəqil Azərbaycan Respublikası olduğunu vurğulayan Sahil Babayev bu gün Zəfər dövrünü yaşayan qalib Azərbaycan xalqının daim artan sosial rifahının əsasında da Ümummilli Lider Heydər Əliyevin müdrik, uzaqgörən və uğurlu sosial inkişaf strategiyası dayandığını bildirib.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrü xalqın sosial rifahının gücləndiyi və etibarlı sosial müdafiə sisteminin formalaşdığı dövr kimi xarakterizə edən nazir diqqətə çatdırıb ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana ali rəhbərliyi dövründə Azərbaycan Sovet İttifaqının qabaqcıl respublikalardan birinə çevrilib.

Nazir bildirib ki, əhalinin rifahına böyük qayğı ilə yanaşan Heydər Əliyev həssas əhali qruplarına dövlət qayğısının artırılmasına, əmək və məşğulluq sahələrinin inkişafına xidmət edən çoxsaylı sənədlər imzalayıb və daim güclənən milli sosial müdafiə sistemini formalaşdırıb.

Sahil Babayev vurğulayıb ki, bu gün sosial sahədə uğurla həyata keçirilən bir çox proqramlar, o cümlədən Azərbaycanın bu sahədə nadir təcrübəsi olan şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin dövlət hesabına mənzillərlə təminatı, onlara minik avtomobillərinin verilməsi, reabilitasiya mərkəzləri şəbəkəsinin qurulması kimi proqramlar da ötən əsrin 90-cı illərində Ulu Öndərin tapşırığı ilə başlanılıb.

Çıxışında nazir Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu sosial siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardan söz açıb, son 20 ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı görülən işlərdən danışıb. Bildirilib ki,  dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılıb, sosial müdafiə və aktiv məşğulluq proqramları xeyli genişləndirilib, müasir və etibarlı, dayanıqlı sosial təminat sistemi qurulub. Nazir ötən 20 ildə sosial müdafiə və sosial təminat  xərclərindəki, sosial ödəniş növlərindəki əhatəliliyin artması, ümumilikdə sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsi ilə bağlı göstəriciləri diqqətə çatdırıb.

Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini  Məlahət İbrahimqızı “Sosial siyasətin Heydər Əliyev modeli” adlı məruzə ilə çıxış edib.

Çıxışı slaydlarla müşayiət olunan Məlahət İbrahimqızı müasir müstəqillik tariximizdə ölkəmizin ən ağır vəziyyətində Ulu Öndər Heydər Əliyevin müdrikliyi və zəngin dühası ilə formalaşmış dövlət sosial siyasət strategiyası, onun prioritetləri, qanunverici bazası barədə geniş təqdimat edib. O, Heydər Əliyevin sosial siyasətinin mərhələləri, keçid dövründə sosial müdafiənin idarə edilməsinin Heydər Əliyev modeli, metodları, bu sahədə aparılan islahatlar  barədə məlumat verib, həyata keçirilən dövlət proqramlarından, tədbirlərdən danışıb, əldə olunan nailiyyətləri diqqətə çatdırıb. 

Məlahət İbrahimqızı vurğulayıb ki, çağdaş dövlətimizin qurucusu Heydər Əliyevin dövründə Azərbaycanın müasir zəfərlərinin əsası qoyulub və bu gün onun siyasi kursunun uğurla davam etdirilməsi sayəsində möhtərəm Prezident və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyaraq intibah dövrünü yaşamaqdadır.

Sonra Bakı Dövlət Universitetinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev “Azərbaycanda sosial rifah dövləti quruculuğu və sosial siyasət prioritetləri” mövzusunda məruzə ilə çıxış edib. 

O, aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində ölkəmizdə sosial dövlətin bir çox parametrləri üzrə, o cümlədən sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması kimi məsələlər üzrə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. 

Konfransda iştirak edən parlamentin komitə sədrləri Əhliman Əmiraslanov, Zahid Oruc, Hicran Hüseynova, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, deputatlar Jalə Əliyeva, Bəhruz Məhərrəmov, Vüqar Bayramov, Elşad Mirbəşir oğlu və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi, uğurla həyata keçirilən və inkişaf edən sosial siyasət kursunun əsas istiqamətləri barədə çıxış ediblər. Onlar bu konfransın Ümummilli Liderimiz  tərəfindən irəli sürülən sosial siyasətin Azərbaycan modelinin mahiyyətini, onun elmi-nəzəri əsaslarının, sosial transformasiyanın  bir daha dərindən öyrənilməsi işində əhəmiyyətini qeyd ediblər. Çıxışçılar Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident İlham Əliyevin yeni müasir və qlobal çağırışlara uyğun olaraq yüksək  səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyasının ölkəmizdə mühüm sosial irəliləyişlərə nail olunmasını təmin etdiyini vurğulayıblar. Onlar əminlik ifadə ediblər ki, bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi yeni qələbələrə və zirvələrə doğru aparacaq.

Konfransda deputatlar Səttar Möhbalıyev,  Ziyad Səmədzadə,  Əziz Ələkbərli, Sədaqət Vəliyeva, Müşfiq Məmmədli, Tamam Cəfərova, Sevinc Hüseynova,  Arzu Nağıyev, Aqil Məmmədov, Milli Məclisin Aparatının müvafiq şöbələrinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri və digər şəxslər iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir