Sahibə Qafarova Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində oktyabrın 10-da bu ölkə Parlamentinin Deputatlar Palatasının sədri Alfred-Robert Simonis ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Azərbaycanın parlament rəhbərini Rumıniya parlamentində salamlamaqdan məmnunluğunu bildirən Alfred-Robert Simonis bu səfərin iki ölkənin parlamentləri arasında əməkdaşlığın inkişafına, dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
O, qeyd edib ki, ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. Deputatlar Palatasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyaya, Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfərlərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinin təzahürü olduğunu bildirib.
Deputatlar Palatasının sədri iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı, bu sahədə dostluq qruplarının rolu, həmçinin Rumıniya ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən birgə layihələrin Avropanın enerji təhlükəsizliyinə töhfəsi barədə fikirlərini bölüşüb. O, Rumıniya üçün çətin vaxtlarda Azərbaycanın göstərdiyi yardıma görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edən spiker Sahibə Qafarova, bu səfərin onun Milli Məclisin sədri kimi Rumıniyaya ilk rəsmi səfəri olduğunu, bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını bildirib.
Görüşdə vurğulanıb ki, Rumıniya dünyada ikinci və Avropa İttifaqı ölkələri arasında Azərbaycan Respublikasının müstəqilliyini tanıyan birinci ölkədir. Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilib. Bu gün Azərbaycan ilə Rumıniya arasında dostluq münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Azərbaycan və Rumıniya beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər.
İkitərəfli münasibətlərin inkişafında siyasi təmasların müstəsna rolunu vurğulayan spiker Sahibə Qafarova deyib ki, dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında yüksək səviyyəli fəal siyasi dialoqun daha da inkişafına xidmət edir.
Görüşdə enerji əməkdaşlığının ikitərəfli əməkdaşlığın əsas sahələrindən biri olduğu diqqətə çatdırılaraq, qeyd edilib ki, bu ildən Azərbaycan qazının Rumıniyaya ixracına başlanılıb və növbəti illərdə bu əməkdaşlıq daha da möhkəmlənəcək. Həmçinin, ölkələrimiz arasında bərpa olunan enerji sahəsində də əməkdaşlıq üçün yeni perspektivlər yaranıb.
Spiker Sahibə Qafarova, Azərbaycanda müxtəlif sahələrə investisiya imkanları, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolunu nəzərə alaraq, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mövcud olan geniş imkanlar barədə məlumat verib.
Görüşdə humanitar sahədə əməkdaşlıq məsələləri də müzakirə olunaraq, vurğulanıb ki, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi xalqlarımızı daha da yaxınlaşdırır.
Görüşdə Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Bildirilib ki, hər iki parlamentin sədrlərinin, dostluq qruplarının, müxtəlif nümayəndə heyətlərinin həm ikitərəfli əsasda, həm də parlamentlərarası təşkilatlar çərçivəsində qarşılıqlı səfərləri olub.
Sahibə Qafarova xatırladıb ki, bu ilin mayında Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında Rumıniya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Vasile Daniel Suçiu də iştirak edib.
Dostluq qruplarının birgə fəaliyyətinin vacibliyi, onlar arasında müntəzəm təmasların, dialoq və fikir mübadiləsinin parlamentlərimiz arasında körpü rolunu oynadığı diqqətə çatdırılıb. Bildirilib ki, ötən il Milli Məclisin işçi qrupu Rumıniyada, Rumıniya parlamentinin dostluq qrupu isə Azərbaycanda səfərdə olublar. Onlar işğaldan azad edilmiş ərazilərimizə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya da səfər edib, Ermənistan tərəfindən dağıdılan bu ərazilərdə hazırda Azərbaycan tərəfindən aparılan geniş quruculuq və yenidənqurma işləri ilə tanış olublar.
Görüşdə parlament komitələrinin fəaliyyəti ilə parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin qeyd edilib ki, parlamentlərimiz arasında beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır. Bu beynəlxalq parlament institutlarında nümayəndə heyətlərimiz arasında birbaşa məsləhətləşmə mexanizminin yaradılması mümkündür. Bu təşkilatlar daxilində yaranan müxtəlif məsələlərdə mövqelərin və əməkdaşlığın əlaqələndirilməsi çox faydalı olar.
Görüşdə spiker Sahibə Qafarova bölgədə mövcud vəziyyət barədə qarşı tərəfə geniş məlumat verərək, bildirib ki, Azərbaycan işğal qurbanı olmasına baxmayaraq, sülhdən danışmağa başlayan və beynəlxalq hüququn 5 prinsipinə, o cümlədən ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanan sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Sahibə Qafarova Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü davamlı dəstəklədiyinə görə Rumıniya tərəfinə təşəkkür edib.
O, diqqətə çatdırıb ki, Ermənistan üç ildir ki, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmaq üçün bütün vasitələrdən istifadə edib, o cümlədən hərbi-siyasi təxribatlar, ərazilərin minalanması, Azərbaycan ərazilərində separatizmin dəstəklənməsi kimi təxribatçı addımlarını davam etdirib. Həmçinin Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın 10 minlik silahlı qüvvələri, qanunsuz marionet rejiminin mövcudluğu və davamlı hərbi təxribatlar ölkəmizi lokal antiterror tədbirləri görməyə məcbur etdi. Spiker xüsusilə vurğulayıb ki, bu tədbirlər yalnız qeyri-qanuni hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə alıb və mülki əhaliyə və obyektlərə heç vaxt hücum edilməyib. O, bununla bağlı iddiaların əsassız olduğunu vurğulayıb.
Terrorla mübarizə tədbirlərinin 24 saatdan az müddətdə öz məqsədlərinə çatdığını, separatçı rejimin qanunsuz strukturlarının dağıdıldığını və Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirən Sahibə Qafarova qeyd edib ki, artıq Qarabağ bölgəsinin etnik ermənilərinin reinteqrasiya prosesinin həyata keçirilməsinə başlanılıb. Qısa müddət ərzində Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə üç görüşü keçirilib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı olacaq şəxslərin bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq.
Spiker diqqətə çatdırıb ki, heç kim etnik erməni sakinləri Qarabağı tərk etməyə məcbur etməyib. Bununla bağlı bir dənə də olsun fakt yoxdur. Gedənlər bunu öz seçimləri ilə ediblər və Azərbaycan onların hərəkətinin təhlükəsizliyini təmin edib. Milli Məclisin sədri xatırladıb ki, BMT-nin ölkədəki Rezident Əlaqələndirici Ofisinin və BMT-nin ixtisaslaşmış qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti əraziyə səfər etmişdi. Onların sonrakı bəyanatı dinc əhaliyə, mülki və sosial infrastruktura qeydə alınmış hər hansı zərərin olmadığını təsdiqləyib.
Spiker Sahibə Qafarova görüşdə həmçinin, bir sıra dairələrin Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini, ikili standartlara söykənən ədalətsiz yanaşmanı tənqid edib.
Deputatlar Palatasının sədri Alfred-Robert Simonis deyib ki, indi müşahidə olunan vəziyyətə baxmayaraq, zaman kimin haqlı olduğunu göstərəcək. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, Qarabağda keçirilən qondarma “seçkiləri” tanımadığını bildirib. Onun sözlərinə görə, qanunun aliliyinə və suverenliyə hörmət bu ölkənin ənənəsidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.