Ceyhun Bayramov İran xarici işlər nazirinin müavini ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib.
Bu barədə “Turanın səsi ” nə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan-İran münasibətlərinin gündəliyində duran bir sıra məsələlər müzakirə olunub və son dövrlər həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərin və görüşlərin münasibətlərin daha da irəli aparılmasına öz müsbət töhfəsini verdiyi vurğulanıb.
Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar. İqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib və bu xüsusda, iki ölkə arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib.
Görüşdə həmçinin, regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov Ermənistanın siyasi və hərbi təxribatlarına son qoymaq və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək məqsədilə lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib.
Azərbaycanın erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirdiyi və ölkəmizin suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi əsasında Ermənistanla davamlı sülhün qurulmasında maraqlı olduğu bildirilib.
Görüş zamanı həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.