Regional məsələlər komitəsinin iclasında
Sentyabrın 20-də Regional məsələlər komitəsinin Milli Məclisin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitə sədri Siyavuş Novruzov Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərində erməni terrorçulara qarşı həyata keçirilən lokal anti-terror tədbirlərindən söz açıb. Komitə sədrinin təklifi ilə iclas iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra komitə sədri Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə aparılan lokal antiterror tədbirlərini zəruri edən səbəblərdən danışıb, bu tədbirlərin beynəlxalq hüquqa, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna və Üçtərəfli Bəyanatın müddəalarına uyğunluğunu vurğulayıb.
Azərbaycan ictimaiyyətinin, eyni zamanda Milli Məclisin deputatlarının bu antiterror əməliyyatlarını dəstəklədiyini deyən komitə sədri qeyd edib ki, Milli Məclis tərəfindən Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlanıb. Eyni zamanda Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə siyasi partiyalar dəstək Bəyanatı qəbul ediblər. Komitə sədri ümummilli mənafelərdə bir yumruq kimi birləşməyimizin vacibliyini vurğulayıb, Azərbaycanın taleyüklü məsələlərində yaxanı kənara çəkməyi xəyanət kimi qiymətləndirib.
Sonra komitə sədri gündəliyə 2 məsələnin daxil edildiyini deyib. O, əvvəlcə, Milli Məclisinin 2023-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində Regional məsələlər komitəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, ötən sessiyalarda komitənin 9 iclası keçirilib, iclaslarda 53 məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə vətəndaşlardan daxil olan müraciətlə bağlı müvafiq tədbirlər görülüb, komitə üzvləri mütəmadi olaraq seçicilərlə, cəmiyyətin həssas qrupları, o cümlədən şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrlə görüşüblər, onların qayğıları ilə maraqlanıblar.
Sonra Regional məsələlər komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsi təqdim edilib. Diqqətə çatdırılıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili və ümumiləşdirilməsi nəzərdə tutulub.
Müzakirələr zamanı komitənin sədr müavini Elşən Musayev, komitə üzvləri Məzahir Əfəndiyev, Cavid Osmanov, Tahir Rzayev, Kamran Bayramov və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış edərək gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıblar. Deputatlar, həmçinin Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin və digər vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın müzəffər ordusunun bölgədə həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarına dəstəklərini ifadə ediblər.
Millət vəkilləri Milli Məclisinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işləri qənaətbəxş hesab ediblər, komitənin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsini təsdiqləyiblər.
İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə deputatların işinin səmərəliliyini artırmaq üçün hazırlanmış mobil tətbiq layihəsinin parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov tərəfindən təqdimatı keçirilib.
İclasda deputatlar Nizami Cəfərov, Aqil Məmmədov, Malik Həsənov, Əliabbas Salahzadə və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI