Türkiyənin himayədar ailə sahəsində fəaliyyət göstərən mütəxəssisləri ölkəmizdə səfərdədir

0

“Himayədar ailə” modelinin tətbiqi sahəsində qardaş ölkənin mütəxəssisləri ilə təcrübə mübadiləsi aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasındakı əməkdaşlıq memorandumu çərçivəsində qardaş ölkənin himayədar ailə üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyində nümayəndə heyəti ilə görüş olub. Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun fəaliyyət istiqamətləri, övladlığagötürmə sahəsində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin Fərmanı ilə 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Ötən dövrdə bu sahədə elektron infrastruktur qurularaq, yeni müasir idarəetmə mexanizmi yaradılıb, övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.

Dövlət başçısının 15 fevral 2022-ci il tarixli Fərmanına əsasən ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqinə hazırlıq işləri diqqətə çatdırılıb. Bu sahədə qabaqcıl dünya təcrübəsinin öyrənildiyi, Türkiyə ilə təcrübə mübadilələrinə xüsusi önəm verildiyi vurğulanıb.

Görüşdə “Himayədar ailə” modelinin tətbiqi ilə bağlı Türkiyədəki fəaliyyət metodları, qaydalar barədə məlumat verilib.

Səfər çərçivəsində türkiyəli mütəxəssislər valideyn himayəsindən məhrum uşaqlar üçün Bakı və Lənkəran şəhərlərindəki sosial müəssisələrlə tanış olublar. Nümayəndə heyəti tərkibində olan təlimçilər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin övladlığagötürmə və himayədar ailə sahəsində çalışan əməkdaşları üçün təlimlər keçirilməsi nəzərdə tutulub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir